Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

xəfif

Əruz vəzninin 9-cu bəhri.

Xəfif bəhrinin iki növü var. Birinci növ fəal, ikinci növ passiv xəfif adlandırılır. Fəal xəfif fə`ilAtün məfA`ilün fə`ilün təfiləsindədir; məs.: Qoca Qafqaz /, adında var/ əzəmət (İ.Cəfərpur). Passiv xəfif fA`ilAtün  məfA`ilün  fə`ilAtün təfiləsindədir; məs.: Düşməni-duni nabəkarə bəlayəm (M.Füzuli). Birinci növ xəfif bəhrinə “Həft peykər” vəzni, ikinci növ xəfif bəhrinə “Füzuli xəfifi” də deyilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

xəmsə

Klassik Şərq, eləcə də Azərbaycan poeziyasında beş poemadan ibarət mənzum əsərlər toplusu.

İlk xəmsə (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) müəllifi Nizami Gəncəvi olub. Onun poe­malar toplusuna özündən sonra “xəmsə” adı verilib. N.Gən­cəvidən sonra hind şairi Əmir Xosrov Dəhləvi, fars-tacik şairi Əbdürrəhman Cami, özbək şairi Əlişir Nəvai xəmsə yaradıblar.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

xoyrat

İraq türkmənlərində lirik şeir şəkli.

Bəzi mən­bələrdə “xoryat”, “qoyrat”, “qoryat” kimi də adlandırılır. Adətən, mahnı kimi oxunur. Bir çox cəhətdən bayatıya oxşayır. Bayatının ilk misrasındakı “əzizim”, “əziziyəm”, “mən aşiq” sözləri xoyratda bəzən “Әsmərim”, “Әsmərin” sözləri şəklində işlədilir; məs.:

 Əsmərim biçin, biçin,

Ölürəm Əsmər üçün,

Aləm mənə düşməndir

Əsməri sevdiyimçün.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ideoqrafik yazı

Sözlərin qrammatik və ya fonetik şəkillərinin deyil, yalnız mənasını əks etdirən işarələrdən ibarət yazı növü; fikri yazı.

Bu yazı növü ilə şəkli yazıhərfi yazı arasında bir sıra fərqli və oxşar cəhətlər var. Şəkli yazı ilə müqayisədə ideoqrafik yazı fikir və ideyaları daha dəqiq əks etdirir. Piktoqramdan fərqli olaraq ideoqramlar çox zaman anlayışların birbaşa deyil, simvolik mənasını ifadə edir. Mə­sələn, ağ göyərçin piktoqrafiyada, sadəcə, göyərçin qu­şunu, ideoqrafiyada isə sülhü ifadə edir. Hərfi yazıdan fərqli olaraq ideoqrafik yazı sözün səs tərkibini deyil, onun mənasını əks etdirir. Lakin bununla yanaşı, səs, heca ifadə edən ideo­qram­lar da var. İdeoqrafik yazının yaranması insanlarda təfəkkür və nitqin inkişafı ilə bağlıdır.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ideya

yun. idea – görüntü, forma, oxşarlıq

Yazıçının qələmə aldığı həyat hadisəsi haqqında gəldiyi qənaət, çıxardığı nəticə, oxucuya təlqin etdiyi fikir.

İdeya əsərin mövzusu və məzmunu ilə bağlı olur. O, bədii əsərin əsas qayəsini, müəllif niy­yətini təcəssüm etdirir və sosial-estetik mahiyyət daşıyır. İdeyada müəllif müdaxiləsi açıq və ya gizli şəkildə özünü gös­tərir. Müəllif hadisə və xarakteri istədiyi rakursdan təsvir et­məklə ideyanı oxucuya təlqin edir. Bəzən də, əksinə, müəllif qayəsi sətiraltı mənalarda ifadə olunur və ya müəllif ha­di­sələrdən nəticə çıxarmağı oxucunun öz öhdəsinə buraxır. Bu mənada ideya yazıçının dünyagörüşü və yaradıcılıq metodu ilə sıx bağlıdır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti