Rəng bildirən bu sözün başqa dillərdəki qarşılığı “parıltı” (блеск) mənasını əks etdirir. Məsələn, rus dilindəki белый kəlməsi tarixi baxımdan qədim hind dilinə mənsubdur və hindlərdə parıltı anlamında işlədilib, ruslarda da həmin mənanı qoruyub saxlayır. Mənbələrdə ağ sözünün “işıq”, “od” mənaları qeydə alınıb. “İzahlı lüğət”də S.M.Qənizadədən belə bir cümlə verilib: “Gündüzlər al gün altında gəmi muzdurunun zəhməti hər zəhmətdən fövqdür”. Zənn edirəm ki, buradakı al gün birləşməsi elə “parıldayan gün” deməkdir. Əgər belədirsə, onda ağ sözü tarixən al formasında olub və “блеск” anlamını əks etdirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Dilimizdə şalvarın ağı birləşməsi də işlədilir (şalvarın ağı sökülüb... deyirlər). Qədim mənbələrdə ağ sözünün bir mənası da “qıçın yanbuz tərəfindəki hissəsi” anlamını eks etdirib. Burada da ağ kəlməsi “yuxarı”, “hündür” mənasında işlədilib. Rusca “подъем” mənasını verən ağım sözümüz olub. Ağ ad - feil omonimi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Bu sözün bir mənası “yan tərəfə əyilmək” demək olub. Güman ki, əyilmək feili də bunun dəyişmiş formasıdır. Ağsamaq sözü də buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiÜzünə ağ olmaq, ağ yalan kimi ifadələrdə ağ sözü “yuxarı” anlamını əks etdirir: ağ eləmək “normadan yuxarı qalxmaq”dır. Ağa sözü də ağ (yuxarı) mənası ilə əlaqədardır: “yuxarı təbəqədən olan”, ümumiyyətlə, “böyük” deməkdir. Ağabacı, Ağanənə, Ağadayı, Ağəli tipli sözlərdə də ağ(ağa), “böyük” mənasını verir. Başqa yozum da mümkündür: ağ ərəbcə “tabe olmayan” deməkdir. İfadə bununla da bağlı ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə bircə səsdən ibarət olan və “bitki” mənasını verən ı sözü olub. Onun da əsasında ığac (ağac, yığac) kəlməsi yaranıb. Ağac sözünün qədim mənası “hündür bitki” demək olub (kol və s. ilə müqayisədə ağac çox hündür olur).İkinci ehtimal da mümkündür: mənbələrdə ağac kəlməsinin yığac, yış formaları da qeydə alınıb. Yış sözü yaş sözünün dəyişmiş formasıdır. Ağac, odundan fərqli olaraq, sulu, yaş olur. Deməli, söz yaş anlamı ilə də bağlı ola bilər (yış sözü bir vaxtlar həm də “meşə” mənasında işlədilib). Bu sözə omonim olan başqa bir ağac da var: 6-7 verstlik (bir verst 1,06 km-ə bərabərdir) ölçü vahidini bildirib. Farslar onun əvəzinə, fərsəng kəlməsindən istifadə ediblər (ruslarda 4,4 sm-ə bərabər ölçünü bildirən вершок sözü mövcud olub və formaca fərsəng sözünə çox bənzəri var). Ağac ölçü vahidi kimi cağatay dili ilə bağlı sözdür: müəyyən məlumatı bir nəfər ikinciyə, o da üçüncüyə ötürüb, beləliklə, informasiya lazımı yerə çatdırılıb. Ağac piyada bir saatlıq yol olub. Məlumatı ya qışqırmaqla, ya da atla çatdırıblar. Bu baxımdan kəlmənin aşağıdakı yozumları mümkündür:
1. Qışqırmaq yolu ilə çatdırılan informasiya ağız və aç sözləri ilə bağlı ola bilər və ağızaç sözünün ağac şəklinə düşməsi mümkündür.Fars dilində banqxoruz (xoruzun səsi) sözü var və “xoruzun səsinin çata biləcəyi məsafə” anlamında işlədilir. Ağac da bu qəlib üzrə “səs” anlayışı ilə əlaqədar ola bilər. Altıağac (Xızı rayonunda kənd adı) kəlməsi də məsafə ilə bağlıdır.
2. Məlumatın atla çatdırılması ilə bağlı olaraq ağac kəlməsi al və qaç sözlərindən törəmiş ola bilər (alqaç – ağac...). Nəzərə alsaq ki, bir ağaclıq məsafə, təxminən, 7,5 km edir, onda əlaqənin atla saxlanılmasına üstünlük verilməlidir (7,5 km məsafəyə səsin çatması müşkül məsələdir) və alqaç sözünü daha inandırıcı hesab etmək olar. Şəmkirdə yol kənarına basdırılmış və məsafəni göstərən dirəklərə “alağac” (hündür ağac) deyirlər. Deməli, 6-7 km məsafəni bildirən ağac (parəsəng) məhz “ağac” sözü ilə bağlı olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAğac məlumdur; -lıq omonim şəkilçidir, onun bir mənası qabaqlar, rusca “изобильно” mənasını verən müstəqil sözlə bağlı olub (bəzi türk dillərində lığa formasında ində də işlədilir). Dialektlərimizdə “çox doldurmaq” mənasını verən lığlamaq (lıxlamaq) sözü işlədilir. Lığcım, lığcam sözləri “ağzına qədər doldurmaq” mənasında Azərbaycanın qərb rayonlarında bu günə qədər də işlədilir. Deməli, ağaclıq “çox ağacı olan yer” kimi başa düşülə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti