Bu söz haqqında bir neçə mülahizə söyləmək olar: a) sin “qəbir” deməkdir, səngər “qazma yer” anlamını verir; b) səng farsca “daş” deməkdir, səngər arxasında gizlənmək üçün olan daşdır; c) səngər sözü sinəgərmək ifadəsinin təhrifi ilə bağlıdır... (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu quşun adı onun çıxardığı səslə bağlıdır. Bir sıra türk dillərində sərçə yerinə cib-cib, cıpçıq, cik-cik kimi sözlər işlədilir. Görünür, sərçə kəlməsi həmin sözlərin dəyişmiş formasıdır. Tatarıstan dilçiləri özlərinin işlətdikləri cıpçıq kəlməsini quşun çıxartdığı səs əsasında izah edirlər.Özbəklər bunun yerinə, çumçuq işlədirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSaymaq feili zəminində sayın (hörmətli) sifəti əmələ gəldiyi kimi, sər (терпеть) feilindən də sərin sifəti yaranıb. Dilimizdə -ın4 şəkilçisinin feilə artırılması ilə düzələn adlar (ən çox da sifətlər) az deyildir: “дымиться” mənasında tut feili olub, sonra ondan tütün, sonuncudan isə tüstü kəlmələri törəmişdir; iyləmək mənalı bur feili olub, onun da əsasında burun ismi yaranıb və s. Lakin bunların əksəriyyəti kökə elə yapışmışdır ki, artıq müstəqil işlədilə bilmir. Sərin də belə kəlmələrdəndir, müasir dil baxımından o, sadə söz kimi qəbul olunur (düzəltməlik əlaməti itib). Belə zənn edirəm ki, soyuq kəlməsinin sinonimi olan sərin sözü bu sözlə bağlı deyil. Sonuncu sərin sözü sınmaq (“hava sındı” deyirik), səngimək kəlmələri ilə qohum ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti