Keçmiş zamanlarda padşahlar, adətən, çoxarvadlı olurdular. Onlar bundan zövq alır və heç də eyib saymırdılar. Xristianlıq dövrü başlayandan sonra bu iş çətinləşdi. Xristian krallara ancaq bir arvad almağa icazə verilirdi. Belə olduqda kral özünə məşuqə qismində başqa qadınlar tapırdı.
XVIII əsr kral məşuqələrinin (onları favorit, yəni ən şanslı adlandırırdılar) ən parlaq dövrü sayılır. Fransa kralı XIV Lüdovik krallıq hakimiyyətinin əzəmətini yüksəklərə ucaltmışdı. Lüdovikin etdiyi hər bir şey krallar üçün örnək sayılırdı və onun xeyli favoriti vardı.
XIV Lüdovikin nəticəsi və varisi olan XV Lüdovikin də məşuqələri var idi. 1745-ci ildə o, aşağı təbəqədən bir qızla tanış olur. Qızın gözəlliyi və xasiyyəti kralı valeh edir. Onun adı Janna-Antuanetta Puasson idi. XV Lüdovik qıza malikanə bağışlayaraq özünün dördüncü məşuqəsi (favoriti) edir. O, markiza de Pompadura çevrilir.
O dövrün əsilzadə qadınlarının gözəl və incə saç düzümü vardı. Markiza isə saçlarını yuxarı daradığından onun saç forması xüsusi hündürlüyü və mürəkkəbliyi ilə seçilirdi. Bu üsulu təqlid etmək dəbə düşdü və əgər saçlar qabaqdan yuxarı daranırsa, belə saç düzümünə pompadur deyilir. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğəti1100-cü ildə Douro çayının mənsəbində Portuqaliya adlı dövlət yarandı. Ölkənin adının kökü çay mənsəbində romalılar tərəfindən salınmış yaşayış məskəni “Portus Cale”nin (Kale limanı) adına gedib çıxır. Hazırda həmin ərazidə yerləşən şəhəri portuqaliyalılar Oporto, sonralar isə Porto, yəni liman adlandırırdılar.
Portuqaliya cənuba doğru genişlənərək 1250-ci il üçün indiki ərazilərinədək böyüdü. 1294-cü ildə İngiltərə Portuqaliya ilə ticarət sazişi imzaladı. İndinin özündə də Böyük Britaniya Portuqaliyanı özünün ən “qocaman” tərəf-müqabili hesab edir. Onlar bir-biri ilə heç vaxt müharibə etməyib və tarixdə ölkələr arasında dostluq münasibətlərinə başqa belə bir örnək göstərmək olmaz.
1702-ci ildə İngiltərə ilə Fransa arasında İspaniyadan qalma miras uğrunda uzunsürən hərbi münaqişə başlayanda ingilislər Con Metyueni Portuqaliyaya göndərdilər. Məqsəd Portuqaliyanı müttəfiq kimi qoruyub saxlamaq idi. İstəyinə çatmaq üçün Metyuen imzalanmağa bir saziş təklif etdi. Bu müqaviləyə əsasən, İngiltərə Douro çayının vadisində istehsal olunan tünd-qırmızı şərab müqabilində Portuqaliyaya parça tədarük etməyə boyun olurdu. Həmin şərab, çox güman, Portodan göndərildiyinə görə portveyn adını qazandı və ingilis centlmenlərinin sevimli içkisinə çevrildi. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiRoma respublikasının mövcudluğunun ilk mərhələsində yüksək dövlət vəzifələrini tuta biləcək tanınmış əsilzadə ailələrinin üzvləri özlərini patrisi adlandırırdılar (latınca “paper”, yəni “ata” sözündən). Dövlət vəzifələri tutmağa layiq olmayan, aztanınan və nüfuzu aşağı olan ailələr isə plebeylər (yəni sadə insanlar) idi.
Plebeylər e.ə. 494-cü ildə qaldırdıqları qiyamdan sonra dövləti patrisilərlə birlikdə idarə etməyə başladılar. İctimai piramidanın ən aşağı pilləsini isə, ümumiyyətlə, heç bir hüquqları olmayan qullar tuturdu. Hakim siniflə qullar arasında mövcud olan nəhəng uçurumu isə azad insan kimi yaşayan romalılar doldururdular. Onların yeganə hüququ səsvermə hüququ idi.
Dövləti idarə eləyənlər hesab edirdilər ki, bu təbəqənin nümayəndələri Roma üçün yeni işçi qüvvəsi və əsgər doğub-törətməkdən başqa heç bir xeyir vermirlər. Onlar, sadəcə, “uşaq istehsal edənlər” (yəni proletariat) idilər.
1848-ci ildə Karl Marks özünün “Kommunist partiyasının manifesti”ndə bu sözü dirçəldərək yaşadığı dövrün aşağı zümrəsinin nümayəndələrinə şamil etdi. Onun fikrincə, bu zümrəni fəhlələr təmsil edirdi. Beləliklə, “proletariat” sözü “fəhlə sinfi” sözünün, “proletar” isə “fəhlə” sözünün sinoniminə çevrildi. “Kommunist partiyasının manifesti” bu sözlərlə bitir: “Bütün ölkələrin proletarları, birləşin!” (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiOrta əsrlərdə Qərbi Avropada yeganə rəsmi din katolisizm idi. Hamı tərəfindən qəbul olunmuş doktrina ilə razılaşmayanlar kafir elan edilirdilər. Ancaq 1517-ci ilə qədər Avropada heç bir kafir cərəyan ayaq tuta bilməmişdi.
Həmin il alman rahibi Martin Lüter dini doktrinadakı bir çox məsələlər barədə kilsə ilə açıq mübahisəyə başladı. Alman knyazları da bəzi siyasi səbəblər üzündən Lüteri dəstəkləmək qərarına gəlmişdilər.
Bütün bunların nəticəsində bir neçə ildən sonra yeni doktrina (lüteranlıq) vətəndaş müharibəsini reallığa çevirə biləcək qədər qüvvətləndi. O illər Almaniya imperatoru V Karl idi.
1526-cı ildə lüteran-şahzadələr özünümüdafiə məqsədilə ittifaqa girərək imperatoru müəyyən güzəştlərə getməyə vadar etdilər. Ancaq 1529-cu ildə Şpayer şəhərində (Reyn çayı üzərində) bir çox yüksəkvəzifəli şəxslərin yığıncağında Karl lüteranlara qarşı sərt mövqe tutdu. Qəzəb içində olan bir qrup lüteran-şahzadə dərhal imperatorun hərəkətlərinə etiraz (protest) olaraq sənəd tərtib etdi. Bu sənədi imzalayanları elə həmin andan protestant adlandırmağa başladılar. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiE.ə. 390-cı ildə Roma heç kimə məlum olmayan kiçik bir kənd idi. E.ə. 40-cı ildə isə o artıq bütün Aralıq dənizi hövzəsinə hakim olmuşdu. Həmin 350 il ərzində Roma bir çox müharibələr aparmış və hamısından qalib çıxmışdı. Bu elə də asan deyildi, bir dəfə isə Roma məğlubiyyətin astanasında oldu.
Bu, Romanın üç dəfə müharibə etdiyi Karfagenin mühasirəsi zamanı baş vermişdi. Karfagenin əsası Finikiyanın Tir şəhərindən gəlmiş kolonistlər tərəfindən qoyulduğundan romalılar bu şəhərin sakinlərini finikiyalı (Poeni) adlandırırdılar. Bu sözün törəməsindən alınan sifət punikdir (Punicus). Bu səbəbdən də Roma ilə Karfagen arasında baş vermiş hər üç vuruşmanı biz Pun müharibələri adlandırırıq. I Pun müharibəsi e.ə. 264-cü ildən 241-ci ilə qədər davam etmişdi. Olduqca gərgin keçən döyüşlərdən romalılar qalib çıxdılar. E.ə. 218-ci ildə Hannibal II Pun müharibəsini başladı. O, İtaliyada on altı il davam gətirdi, amma sonda yenə də Roma inadkarlığı sayəsində qələbə qazandı. III Pun müharibəsi (e.ə 149–146-cı illər) nəticəsində Roma Karfageni yer üzündən sildi.
Romalılar məğlubiyyətə necə yaxın olduqlarını heç vaxt unutmadılar və həmişə olduğu kimi, həddən artıq istedadlı düşmənlərinə istehzalı ləqəblər verdilər. Onlar aldatmağı nəzərdə tutaraq pun sədaqətindən danışmağa başladılar və o vaxtdan həmin ifadə məhz bu mənada işlənir. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiİnsanlar bir-birinə və eləcə də cəmiyyətin özünə ziyan vurmasınlar deyə cəmiyyətlər qanunlar yaradır. Əlbəttə, “cəmiyyətə vurulan” bu ziyanı hərə bir cür başa düşür. Bəzi dini qruplar belə hesab edir ki, insanın yeganə və ən başlıca işi Allaha sitayiş edib ruhun xilası haqda düşünməkdir. Onların fikrincə, insanın hiss, ehtiras və istəklərinə aid hər bir şey onu bu vacib işdən ayırır və ümumiyyətlə, cəmiyyətə ziyan vurur.
Belə qrupların hakimiyyətdə olduğu dövlətlərin qanunları, əsasən, əxlaqın keşiyində durur, insanın nə geyinəcəyini, necə əylənəcəyini və nə ilə məşğul olacağını müəyyən edir. Bazar günləri, yəni xristianların Allaha həsr etməli olduqları gün bu qanunları pozanlar üçünsə xüsusi cəzalar nəzərdə tutulur.
Belə qanunlar Reformasiyadan sonra, əsasən, protestant icmalarının güclü olduğu yerlərdə qəbul olunmuşdu. XVI əsrdə, Con Kalvinin dövründə Cenevrədə ifrat dərəcədə sərt əxlaqi qanunlar hökm sürürdü. Şotlandiyanın bəzi bölgələri də eyni vəziyyətdə idi. Bu, XVII əsrin ortalarında puritanların (rəsmi kilsəni qəbul etməyən ingilis protestantları - latın dilindən təmizlik kimi tərcümə olunan “puritas” sözündən) güclü olduqları İngiltərədə də müşahidə olunurdu.
O vaxtdan heç bir əsas və ehtiyac olmadan ən adi, ziyansız hər bir şeyi qadağan edən qanunlara “puritan qanunları” deyirlər. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiQədim zamanlarda insanlar hələ parlaq, suyadavamlı və günün altında solmayan boyaları kəşf etməmişdilər. Ona görə də həmin dövrlərdə parçalar olduqca solğun rəngdə idi. Təkcə müreks adı ilə tanınan ilbizdən alınan purpur (al-qırmızı) boya istisna təşkil edirdi. Finikiyanın Tir şəhəri bu boyanın istehsalında inhisarçı idi və burada hazırlanan parçalar ağlasığmaz dərəcədə baha qiymətə satılırdı. Yunanların Tir və ətraf şəhərlərin sakinlərini adlandırdıqları “finikiyalı” sözü yunanca al-qırmızı mənasını verirdi və ola bilsin ki, bunda da həmin o boyanın rolu var idi.
Bu boya şöhrətini Bizans dövründə də qoruyub saxladı. Həmin dövrdə purpur rəngdən istifadə etmək hüququ xüsusi fərmanla yalnız imperator sarayına verilmişdi. Söhbət hakimiyyətdə olanlardan düşəndə “purpur içində doğulmuşlar” ifadəsi işlənirdi. Beləliklə, purpur rəngi (və boyası) deyəndə ağıla ilk gələn imperator hakimiyyəti idi. Bu iki məfhum bir-birinə sıx bağlı idi.
İndiyədək bu söz məcazi olaraq əsil-nəcabət mənasında işlənir. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğəti