Reklam
Reklam

Etimologiya lüğəti

bohema

XV əsrin əvvəllərində Mərkəzi Avropada o vaxta qədər avropalılara tanış olmayan qarabuğdayı insanlar peyda oldu. Bu, avropalılara naməlum dildə danışan köçəri tafyalar idi. Onların işi və daimi yaşayış yeri yox idi. Avropalılara məlum olan dinlərdən də heç birinə etiqad etmirdilər. Çörək pullarını fala baxmaq və gələcəyi xəbər verməklə qazanırdılar.

Bu gün bizim qaraçı kimi tanıdığımız bu insanlar bir yerdə qərar tuta bilməyərək ölkə-ölkə, oba-oba gəzdiklərinə, azad həyat sürmələrinə, əzab-əziyyət çəkmələrinə baxmayaraq, bir çoxları üçün məsuliyyət və hər hansı öhdəçilikdən uzaq belə bir həyat tərzi çox cəlbedici görünürdü. Belə təəssürat yaranmışdı ki, qaraçıların həyatı skripka çalıb eyş-işrət məclisləri qurmaqla keçir.

1427-ci ildə qaraçılar Parisdə peyda olanda fransızlar onlar haqda yalnız Mərkəzi Avropadan gəldiklərini bilirdilər. Söz-söhbət yayılmışdı ki, guya onların vətəni Bohemiyadır (indiki Çexiyanın qərb hissəsi), ona görə də fransızlar qaraçıları bohemiyalılar adlandırdılar və indiyədək belə də çağırırlar.

Qaraçıların həyat tərzi haqda geniş yayılmış fikirlərə fransızlar da inanırdılar. Cəmiyyətdə yazıçı və rəssamların da qaraçılar kimi şən və qayğısız həyat sürdükləri haqda bir inam var idi. Bu üzdən də onları bohemiyalılar adlandırmağa başladılar. O vaxtdan “bohema” sözü, bir qayda olaraq, bütövlükdə yaradıcı insanlara şamil edilir. (Ayzek Azimov. Sözlərin tarixi)

Etimologiya lüğəti

bolşevik

1844-cü ildə alman filosofu Karl Marks özünün “Kommunist partiyasının manifesti”ni dərc etdirdi. Burada o, kommunizmin əməli nəzəriyyəsini işləyib hazırlamağa cəhd göstərmişdi. Kommunizm hərəkatı öz əsasını buradan götürdü.

Kommunizmdən qorxanlar onu milyonlarla ağılsız məxluqun aldıqları əmrləri kor-koranə yerinə yetirdiyi irimiqyaslı vahid bir sistem hesab edirlər. Amma əməldə kommunistlər də, digər sosial və ictimai qrupların üzvləri kimi, daim bir-biri ilə mübarizə aparırlar.

Zalım istibdad-monarxiya üsulu ilə idarə olunan Rusiyada marksist qruplar XIX əsrin sonlarında yaranmağa başladı. Dərhal da aralarında sonrakı fəaliyyət haqda mübahisələr düşdü. Ən qabaqcıl marksistlərdən biri sonradan Lenin təxəllüsü götürəcək Vladimir İliç Ulyanov idi. O, ölkənin siyasi həyatında iştirakı və inqilaba hazırlıq üçün istənilən imkandan istifadə edə biləcək bir partiya yaratmaq istəyirdi.

1903-cü ilin avqust ayında rus kommunistlərinin qurultayı keçirildi. Gözəl natiq olan Lenin qurultay iştirakçılarının çoxunu öz tərəfinə çəkə bildi və dərhal öz qruplaşmasını bolşeviklər (yəni “çoxlar”) adlandırdı.

1917-ci ilin payızında bolşeviklər Rusiyada hakimiyyəti ələ keçirdilər. “Bolşevizm” sözü bir çox dünya dillərinə daxil oldu və “kommunizm”in sinonimi kimi qəbul edilməyə başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)

Etimologiya lüğəti