Ərəbcə “bədəvi” deməkdir. Görünür, bədəvilərin işlətdikləri qab olub (bədəvilərə aid qab). Bizə fars dilindən keçib. Dialektlərdə bayda şəklində də işlədilir (ona görə də rus dilindəki байдарка “bay”la başlayır). Ehtimal ki, badə sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Cад” mənasında işlədilən bu söz bağlamaq kəlməsinin kökü ilə qohumdur. Bağın ətrafını bağlayırlar ki, mal-qara girməsin (müqayisə et: огород və огородить). Bağat, elat sözlərindəki –at şəkilçisi ərəbcədir. Həmin sözlər bizdən onlara keçib və şəkilçi ilə birlikdə yenidən bizə qayıdıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə “bükülən”, “bürüşən” anlamında açıqlanıb. Doğrudan da, qurbağa (əsli: qodurbağa) və tısbağa (əsli: tasbağa) üstü örtülü heyvanlardır, ayaqları görünmür. Bağa sözü bağlamaq feilinin ən qədim kökü olan ba sözü əsasında əmələ gəlmişdir və “üstüörtülü” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQıçların hövsələ sümüyünə (burada hövsələ sözü “çanaq, içi oyuq” mənasını verir), yəni çanaqlığa birləşdiyi yerə bağanaq deyirik (çanaq sümüyü çanağa oxşar olduğu üçün belə adlanıb). Bəzi mənbələrdə (və bir sıra müasir türk dillərində) bağanaq əvəzinə, bağçanaq (bağançanaq) verilib. Deməli, buradakı –anaq şəkilçisi döyənək, dəyənək, boğanaq sözlərindəkinin eyni deyil (alimlər yazırlar ki, tozanaq sözü toz feilindən düzəlib, amma bizdə toz feili yoxdur, toz-a-maq və toz-u-maq feilləri var), çanaq kəlməsinin təhrifi nəticəsində yaranmış formadır. M.Kaşğarinin “Divan”ında bağayaq sözü də verilib, heyvanın dırnaqları arasındakı yarığa deyiblər. Güman etmək olar ki, bağanaq kəlməsi elə həmin bağayaq sözünün dəyişmiş formasıdır. Buna yaxın olan badaq sözü də var, “скоба” (“qurbağa” da deyirlər) mənasında işlədilir. Söz belə yaranıb: ba feili üzərinə -ğ şəkilçisi artırmaqla isim yaradılıb, onun üzərinə -laq şəkilçisi artırılıb və bağlaq ismi əmələ gəlib. Sonra həmin söz bağdaq (müqayisə et: al-la-t və al-da-t) formasını kəsb edib. Deməli, tarixən şəkilçi –daq deyil, -laq olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBəzi qaynaqlarda bunu fars mənşəli hesab edirlər. Əslində bağ (сад) sözü zəminində yaranıb. Bağ isə meyvəliyin ətrafının çəpərlənməsi (bağlanması) ilə əlaqədardır. Maraqlıdır ki, rus dilində də bu, огородить kəlməsi ilə ifadə olunur. Farslar bunu bizdən götürüblər, onlarda tarixən bostan (bustan) kəlməsi işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiÇağdaş dilimizdə daha çox bardaş kimi işlədilir. Ayaqları bir-birinə ilişdirərək (bağlayaraq) oturmaqla bağlıdır (biz uşaq olanda bağdaş qurmayanlara çörək vermirdilər. Çünki bağdaş qurub oturmaq abır-həya simvolu idi). Bağlamaq feili ilə əlaqədar olduğundan indi bardaş işlətməyimizə elmi cəhətdən bəraət qazandırmaq olmaz. Sözün ayboqdaş forması da olub. Ay (dəyirmi), boq (boğ, bağla), daş (birlik) hissələrindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAnadolu türkləri bələk sözünün sinonimi kimi bağırdaq kəlməsini işlədirlər. Ehtimal ki, bağır və bağırsaq sözləri eyni kökdən törəmədir, bağlamaq (əlaqəli olmaq, sarınmaq) kəlməsi ilə bağlıdır: bağır kəlməsi bağıl, bağıldaq kimi olub sonra l səsi r səsi ilə əvəz edilib. İkinci ehtimal da mümkündür: bağır, doğrudan da, bağlı sözü ilə əlaqədardır, “üstü qarın dərisi ilə örtülü (bağlı) olan”, “xaricdən görünməyən”, “içalat” deməkdir. Bu mənada bağır sözü içalat kəlməsinin sinonimi olub və qarın boşluğunda olan üzvlərin hamısını əhatə edib (qarında qara, ağ və göy bağırların olması göstərir ki, daxildəkilərin hamısı haçansa “bağır” adlanıb). Ən inandırıcı yozum belədir: bağır monqol sözüdür, mənası “yumşaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Şiələrin beşinci imamının (Əli, Həsən, Hüseynin oğlu Əli (Zeynalabdin), Məhəmməd (Zeynalabdinin oğlu)) fəxri adı Bağır olub. Ərəbcə mənası “müdrik” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiArabada qolun (дышло) oxa bağlandığı yerə “bağırcıq” deyiblər (indi də dialektlərdə və bəzi türk dillərində işlədilməkdədir). Bu, bağırmaq feili ilə əlaqədardır, çünki arabada ən çox səs salan yerdir (oxla yastıq bir-birini sürtür və cırıltı yaradır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiNə qədər qəribə olsa, bu söz bağır kəlməsi ilə eyni kökə malikdir.Adam hirslənəndə ağ bağırda bərk qızışma baş verir və insan qışqırmaq yolu ilə sanki bağrını sakitləşdirməyə çalışır. Ağ bağır hiss-həyəcan mənbəyidir, mənbələrdə o, qəzəb sözünün sinonimi kimi də işlədilib. İkinci mülahizə də mümkündür: oğlaq bəyirir, inək böyürür, adam bağırır. Bunların hamısı eyni sözün müxtəlif formalarıdır. Çağır və çığır, çənə və çeynə kimi sözlər də həmin qəlib üzrə yaranıb. Burada daxili fleksiya əlamətlərinin şahidi oluruq. Bağırmaq sözü boğaz kəlməsi ilə də qohum ola bilər, “boğazdan çıxan səs” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu sözün mənşəyi haqqında çox mülahizələr var: bağlama vasitəsi olduğu üçün (bağırsaqdan indi də saza pərdə düzəldirlər) belə adlana bilər; boğuq, buruq-buruq olması da (boğursaq, boğuqsaq...) onun “bağırsaq” adlanmasına səbəb ola bilər; orqanizmdə bağırla əlaqədar olduğu üçün də bu cür adlanması mümkündür. Tatarlar, qazaxlar yağda qızardılan xəmir kürəciklərinə “bağırsaq” deyirlər. Bu kürəciklər qoyun qığına bənzəyir. Bəlkə də, bağırsaq sözü daxilində saxladığı yükün adı ilə bağlı bu cür adlanıb. Gəldiyim son nəticəyə görə, bağırsaq sözü boru kəlməsi ilə qohumdur. Bəzi türk dillərində şlanq yerinə də bağırsaq işlədirlər. Qabaqlar bağırsaq yerinə, süzük sözü də işlədilib. Görünür, bu bir qədər cavan sözdür, bağırsaqların özündən ferment buraxması əhaliyə məlum olduqdan sonra yaranıb, qidanın bağırsaqdan qana süzülməsi ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Mənbələrdə “ürəyiyumşaq” mənasında işlədilmiş bağırsaq sözü var (bağır kəlməsinin mənalarından biri “ürək” deməkdir). Bağır kəlməsindən bağır-sa-maq (ürəyə yaxın hesab etmək) feili, ondan isə bağır-sa-q sözü əmələ gəlmişdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti