1. Səcdə etmək, sitayiş etmək, ibadət etmək, pərəstiş etmək. □ ..Bir tanrıya lazımsa tapınmaq; Zövq əhli tapınsın sana birdən. (H.Cavid).
2. Məcazi mənada: pərəstiş dərəcəsində sevmək, məftun olmaq. □ Gözəlliyə tapındığı o gündən bəri; Bir başqalıq duyulmaqda onun səsində. (Ə.Cavad).
1. Bir-birini tapmaq, bir-biri ilə görüşmək. □ Gün gələr, yenə də biz tapışarıq; Qucaqlar hər ana qalib oğlunu. (R.Rza).
2. Dostlaşmaq, yaxınlaşmaq, bir-birini tapmaq, bir məqsəd üçün birləşmək (adətən xasiyyətcə, meyil və niyyətləri bir-birinə uyğun olan adamlar haqqında). □ Həriflər tapışdılar.
1. Ədəbiyyatşünaslıq. Hər hansı bir şeyi və ya hadisəni bənzətmə yolu ilə, qəsdən üstüörtülü şəkildə təsvir edən yığcam məcazi ifadədən ibarət müəmma (şifahi xalq ədəbiyyatı növlərindən biri). □ Bir tapmaca deyim; Tapmasan, gənə deyim. "Gənə" (Tapmaca).
2. Məcazi mənada: aydın olmayan və ya qeyri-müəyyən, üstüörtülü söz, məsələ, danışıq; müəmma. □ Bu məsələ mənim üçün bir tapmacadır.
1. Axtarış, aramaq nəticəsində meydana çıxarmaq, üzə çıxarmaq, əldə etmək. □ Dərdini gizlədən davasını tapmaz. (Atalar sözü).
2. Eyni mənada adam haqqında. □ Axır gəlib səni tapdım, maralım, maralım, dilbilməz! (Ü.Hacıbəyli).
3. İtirdiyi və ya bir yerdə unutduğu şeyi təzədən əldə etmək, özünə qaytarmaq. □ İtirdiyi pulu tapmaq.
4. Eyni mənada itkin düşmüş və ya yeri məlum olmayan adam haqqında. □ Oğlunu tapmaq.
5. Əldə etmək, ələ keçirmək. □ ..Biz bu kənddə iki nəfər kimsəsiz... yavan çörək, onu da güclə tapırıq.. (C.Cabbarlı).
6. Xüsusi tədqiqat, araşdırma, axtarış nəticəsində aşkara çıxarmaq, açmaq, kəşf etmək. □ Qazdan kauçuk almaq üsulunu tapmaq.
7. Hesablayaraq, fikirləşərək bir şeyin nəticəsini, cavabını müəyyən etmək, əldə etmək. □ Məsələnin cavabını tapmaq.
8. Çox axtararaq axırda əldə etmək; tapıb almaq. □ Ayağıma, nəhayət, ayaqqabı tapdım.
9. Məcazi mənada: görmək, hiss etmək. □ Tahir bu balacaboy uşağın varlığında suçu uşaqların kədər və iztirablarını tapırdı. (S.Rəhimov).
10. Məcazi mənada: birini hər hansı bir vəziyyətdə, halda görmək. □ Atasını xəstə halında tapdı.
11. Məcazi mənada: əldə etmək, nail olmaq. □ ..illərdən bəri arzuladığı “normal” həyatı tapmışdı. (Mir Cəlal).
12. Danışılan bir sözə və s.-yə istehzalı münasibət bildirir. □ Tərifləməyə adam tapdınız!
Həmçinin bax: