Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

QARA

azərb. qara sözü bütün rənglərin ən tutqunu, his, kömür rəngidir, həmçinin dilimizdə kirlilik, çirklilik ifadə etmək üçün işlədilən sözlərdəndir.

Müasir Azərbaycan dilində qara sözü ilə əlaqədar qara işlər, qara gün, qara yaxmaq, qara geymək və s. kimi kifayət qədər ümumişlək ifadələr mövcuddur. Burada qara qoşulduğu sözlərə mənfilik, mənhusluq, mürtəcelik, məşumluq və s. verir. Məlum olduğu kimi, bir sıra lüğətlərdə Qara kişi adının izahı verilərkən rəngbildirmə xüsusiyyəti əsas götürülür. Adətən elmi ədəbiyyatda Qara şəxs adı barədə bəhs edilərkən qeyd olunur ki, şəxs adı sifətin substantivləşməsi yolu ilə əmələ gəlmişdir. Adyaranmada sifət substantivləşərkən onun leksik mənası dəyişmir, xüsusi adbildirmə keyfiyyəti ön plana çəkilir. Əlbəttə, qara sözündə rəngbildirmə xüsusiyyəti vardır. Bu, əsasən, özünü Qaratel, Qaragöz, Qaragilə və s. kimi qadın adlarında büruzə verir. Lakin kişi adlarının yaranmasında qara sözünün böyüklük, qüdrətlilik, güclülük kimi məna çalarları əsas olmuşdur. Bu da təsadüfi deyildir. Qədim türklərdə qara güc, qüdrət rəmzi olmuşdur. Dünyaya gələn oğlan uşağını güclü, qüvvətli, yenilməz, məğrur görmək türk psixologiyası, türk mənəviyyatı üçün həmişə xarakterik olmuşdur. Qara kişi adının rəng anlamlı qara vahidi ilə bağlı olmadığı bir çox dilçilərimiz tərəfindən də əsaslandırılmışdır. Beləliklə, Qara kişi adı güc, qüvvət anlamları ilə əlaqədardır. “Kitabi-Dədə Qorqud” dastanlarında Qara xan, Qaraca çoban, Qarabudaq adlarındakı qara sözü də bu mənadadır. Mənbələrdə adın Orta Asiyada X–XIII əsrlərdə ilk xanı Əbdülkərim Saltuk Qaraxan olan Qaraxanilər dövlətini idarə edən türk sülaləsinin adından (əslində adın tərkibində böyük, güclü, qüdrətli mənalarında olan qara sözündən) olması, həmçinin titul olaraq işlənməsi barədə məlumatlar da vardır. Müxtəlif hakimlərin adının qarşısında təxəllüsü kimi işlədilmiş Qara da güclü, qüdrətli, qüvvətli mənalarındadır. Tarixdə Qara Arslan, Qara Yusif və b. adlar da bu anlamdadır. Səlcuq hökmdarı Qara Arslana verilən Qara ləqəbi böyük, qüdrətli mənasındadır. Buradan bir daha aydın olur ki, qara leksemli kişi adlarımız rəng, yaxud zahiri əlamət əsasında yaranmamışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan antroponimikasında Qara müstəqil ad olmaqla yanaşı, həm də bir sıra mürəkkəb şəxs adlarının tərkibində (həm qadın, həm kişi) mövcuddur. Qara XX əsrdə olduğu kimi, bu gün də məişətimizdə geniş yayılmış kişi adları sırasındadır. Lakin qeyd etmək lazımdır ki, bu gün artıq adın daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti