Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HACIHÜSEYN ərəb.

mürəkkəb adların tərkibində işlənən Hacı Hüseyn adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Hacıhüseyn (bax: ad – HACI; HÜSEYN) kişi adı Hacı olmuş Hüseyn, yəni həcc ziyarətindən gəlmiş Hüseyn anlamını ifadə edir.

Azərbaycanda Hacıhüseyn kişi adı ilə əlaqədar Hacıhüseynli toponimi də mövcuddur. Quba bölgəsində kənd adıdır. Lüğətlərdə yaşayış məntəqəsinin əsasını qoymuş Hacıhüseynli nəslinin adı ilə əlaqələndirilir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HACIMƏHƏMMƏD ərəb.

mürəkkəb adların tərkibində işlənən Hacı Mahammad adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. İslam dininin əsasını qoyan peyğəmbərin adı ilə əlaqədar şəxs adlarındandır. Hacıməhəmməd (bax: ad – HACI; MƏHƏMMƏD) kişi adı həcci ziyarət etmiş Məhəmməd, hacı olmuş Məhəmməd anlamlarını ifadə edir.

Adın təhrif olunmuş forması Hacıməmməd də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Adın daşıyıcılarından Qusarın Xuluq kənd sakini Hacıməhəmməd 1837-ci ildə Qafqazda çar işğalına qarşı baş vermiş ilk mütəşəkkil silahlı üsyanın təşkilatçısı və rəhbəri olmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HACİB ərəb.

hacib (hacaba sözündəndir) sözündəndir. Hacib sözünün lüğəvi mənası qədim və müasir ərəb sözlüklərində təfsilatı ilə izah edilmişdir. Ərəb dilində hacaba birinin bir yerə daxil olmasına, girməsinə mane olmaq anlamındadır və buradan da qapıçı, yəni hacib sözü yaranmışdır.

Əməvilər zamanından başlayaraq Şərq və Qərbdəki müsəlman dövlətlərində əsrlər boyu işlənmişdir. Əvvəllər hökmdar saraylarında vasitəçi mənasında işlənmişdir. Hacib Azərbaycan antroponimikasında vəzifə adları ilə əlaqədar kişi adlarındandır. Bildiyimiz kimi, türk-İslam tarixi və mədəniyyəti üçün son dərəcə əhəmiyyətli olan “Kutadqu Bilik” əsərinin müəllifi XI əsr şairi Yusif Balasaqunlu (sonradan Yusif xan Hacib) böyük dilçi, lüğətçi alim Mahmud Kaşğarinin müasiri, həm də yerlisidir. Bu əsər vaxtilə türk dilində yazılmış, həm də türklərin İslamı qəbul etmələrindən sonra əruz vəznində yazılmış ilk poemadır. Azərbaycan dilinə “Səadət gətirən bilik”, “Bəxtiyarlıq sənəti”, “Xoşbəxtliyə aparan elm” kimi tərcümə edilir. 1068-ci ildə Kaşğar şəhərinə köçən Yusif Balasaqunlu orada bu əsər üzərində on səkkiz ay işləmiş və 1069-cu ildə “Kutadqubi- lik” əsərini Qaraxanilər dövlətinin – Məşriqin və Çinin hökmdarı Tabğaç Buğra xaqana ərməğan etmişdir. Minnətdarlıq əlaməti olaraq xaqan da, öz növbəsində, Yusif Balasaqunluya Ulu Xas Hacib (saray naziri, saray işlərinin rəhbəri) vəzifəsini vermişdir. Bu, orta əsrlərdə Yaxın Şərq ölkələrində sarayda ən yüksək vəzifələrdən biri hesab edilirdi. Orta əsrlərdə Şərq ölkələrində xəlifələrin, hökmdarların sarayında baş vəzirə, hökmdarı qorumaq məqsəd ilə onun olduğu yerin qapısı qarşısında duranlara da hacib deyilmişdir. Sonradan şəxs adı kimi də formalaşmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HAFİZ ərəb.

hafiz sözündən olub, qoruyan, hifz edən mənasındadır. İslam dinində Allahın məlum 99 adından biri də əl-Hafiz olub, qoruyan, hifz edən mənasındadır.

Dilimizdə Allahla, Tanrı ilə əlaqədar alqış məzmunlu ifadələr kifayət qədərdir. Bunların çoxu, məsələn, Allah qoruyanda banda na karadir ki...; Allah qorusun; Qadadan, baladan saxlayan (qoruyan anlamında) Allah, ümidim Sanadir və s. Bu səbəbdən də ərəb dünyasında olduğu kimi, İslamı qəbul etmiş ölkələrin hamısında Hafiz Şərqdə geniş yayılmış kişi adlarındandır. Hafiz sözü eyni zamanda müqəddəs “Quran”ı əzbər bilən anlamını da ifadə edir. Məlum olduğu kimi, Xoca Şəmsəddin Məhəmməd Hafiz Şirazi (təxm. 1325-1389/1390) XIV əsr İran şairi və sufisi olmuşdur. Yazdığı qəzəllər mistik düşüncə və məhəbbətin mədhinə görə Şərq ədəbiyyatının ən gözəl incilərindən sayılır. Hafiz poeziyasında hətta müasir sürrealizmin elementlərinə də rast gəlmək olar. Onun həyatı haqqında çox az məlumat vardır. Lakin Hafiz haqqında kifayət qədər rəvayətlər mövcuddur. Şairin şeirləri bu gün də sevilə-sevilə oxunur və nəşr edilir. Bu şeirlər fars poeziyasının şah əsərlərindən hesab edilir. XVI əsrdən XX əsrin əvvəllərinə qədər Buxara xanlığında məktəb dərsliklərində Hafizin şeirlərinin olması mütləq xarakter daşıyırdı.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HAFİZULLA ərəb.

Hafiz adı və Üllah sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Əslində Hafizullah (bax: ad – HAFİZ; ÜLLAH) olan kişi adı Tanrının qoruyucusu, Tanrının qoruyanı mənalarındadır.

Bu gün Azərbaycanda, əsasən, yaşlı əhali arasında təsadüf edilən şəxs adlarından olan Hafizulla kişi adı ərəb dünyasında da, Şərqdə də geniş yayılmış antroponimlərdəndir. Adin təhrif olunmuş forması Hafizulla də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə ad yalnız Hafizulla şəklindədir. Adın daşıyıcılarından yeni tarixin məşhur şəxsiyyətlərindən olan, XX əsrdə Əfqanıstanda Hafizullah Əmin (1929-1979) Əfqanıstanın tanınmış siyasi və partiya xadimi, Əfqanıstan Xalq Demokratik Partiyası Siyasi Bürosunun üzvü, sonradan baş katibi və Əfqanıstan İnqilabi Şurasının sədri olmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HAQVERDİ ərəb.

haq (əslində haqq) sözü və azərb. verdi sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Haqverdi (bax: ad – VERDİ) kişi adı Haqqın, Allahın, Tanrının verdiyi, bəxş etdiyi övlad anlamındadır. Adın təhrif olunmuş forması Haxverdi də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə ad, əsasən, Haqverdi şəklindədir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti