Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CANBAĞIŞ  fars.

mürəkkəb adların tərkibində işlənən can sözü və azərb. Bağıç adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Canbağış (bax: ad – CAN; BAĞIŞ) kişi adı təmənnasız olaraq can (ruh) bağışlayan, canını kimə isə, yaxud kimin isə, nəyin isə yolunda qurban edən, canlandıran mənasını ifadə edir.Adın təhrif olunmuş forması Canbaxış da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CANBUDAQ fars.

mürəkkəb adların tərkibində işlənən can sözü və azərb. Budaq adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Canbudaq (bax: ad – CAN; BUDAQ) kişi adı candan olan, əziz övlad, bala, ürəyim bala mənalarını ifadə edir.

Adın daşıyıcılarından Canbudaq Rzayev (1968-1992) I Qarabağ müharibəsində vətənimizin azadlığı uğrunda şəhid olmuş igid döyüşçülərimizdən biridir. 1988-ci ildə Xocalıda baş verən qətliam zamanı güclə xilas olmuş azərbaycanlıların əksər hissəsinin sığındığı Qaraqays kəndi uğrunda gedən döyüşlərdə həlak olmuş Canbudaq Rzayev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CANFƏZA fars.

mürəkkəb adların tərkibində çıxış edən can sözü və ərəb. Faza adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Canfəza (bax: ad – CAN; FƏZA) kişi adı ruhu yüksəldən, zövq verən, ürəkaçan, fərəh verən, könülaçan, adamı sanki yüksəkliklərə, göylərə qaldıran, canlandıran, ruhlandıran, ürəyi şadlandıran, cana can qatan mənasındadır. Adın təhrif olunmuş forması Canəfza da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CANIBƏY fars.

mürəkkəb adların tərkibində işlənən Canı adı və azərb. arxaikləşmiş bay titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Canıbəy (bax: ad – CANI; BƏY) kişi adı Canı bəy anlamındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Canıbəy bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CANIYAR fars.

mürəkkəb adların tərkibində işlənən Canı adı və fars. yar sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Canıyar (bax: ad – CANI; YAR) kişi adı dost olan, dost ürəkli, dostcanlı, canı yarına (dostuna) bağlı, möhkəm mənasındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Canıyar bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CANKİŞİ fars.

mürəkkəb adların yaranmasında iştirak edən can və azərb. kiçi sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Cankişi (bax: ad – CAN; KİŞİ) kişi adı əsl kişi, kişi xislətli, kişi ürəkli, kişi ruhlu, kişi kimi mərd, qüvvətli mənasındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Cankişi bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CANSEVƏR fars.

mürəkkəb adların tərkibində işlənən can sözü və azərb. Sevar adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan antroponimikasında mürəkkəb adların tərkibində iştirak edən can sözü bir neçə məna ifadə edir. Cansevər (bax: ad – CAN; SEVƏR) kişi adının tərkibindəki can sözü həyat, varlıq, yaşayış mənalarını ifadə edir, ad da müvafiq olaraq həyatsevər anlamına gəlir. Məişətimizdə nadir şəxs adlarından olan Cansevər adı digər türk xalqlarında geniş yayılmış antroponimlər sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti