►Bir qrup insanın aşırı dərəcədə səmimi və sadəlövh olmasını, başqalarının isə bundan istifadə edərək onları aldatmasını, eləcə də ayrılıqda götürülmüş bir ölkənin daim xaos və naqislik içərisindəki vəziyyətini səciyyələndirmək üçün işlədilən ifadə.
Deyim məşhur rus yazıçısı Aleksey Tolstoyun (1883–1945) «Qızıl açar və ya Buratinonun macəraları» (1936) əsərində işlənərək yayılmışdır.
Adıçəkilən əsərdə məşhur fırıldaqçılar – tülkü Alisa və pişik Bazilio sadəlövh Buratinonu aldadaraq onu Səfehlər ölkəsində «Möcüzələr meydanı» oyununa pul qoymaq üçün dilə tuturlar. Buratino onlara inanaraq razılaşır. Taxta adama elə gəlir ki, pulu torpağa bu gün əkirsən, artıq sabah həmin yerdən budaqlarından meyvə əvəzinə pul sallanan ağaclar çıxır. Beləliklə, Buratino fırıldaqçılara inanaraq pulunu əldən verir.
Hazırda «səfehlər ölkəsi» (yaxud «axmaqlar ölkəsi») ifadəsi daha çox davamlı baş verən mənfi hallara, ictimai əxlaqa zidd davranışlara münasibət bildirərkən işlədilir.
Məsəllər, deyimlər►Havanın işıqlandığını, dan yerinin söküldüyünü, günəşin çıxdığını obrazlı şəkildə bildirən ifadə.
İfadə qədim insanların günәşi gündüzün gözü hesab etmələri barədə təsəvvürlərdən qaynaqlanır.
Qәdim yunanlar belә güman edirdilәr ki, göyü (sәmanı) Atlant öz çiyinlərində saxlayır. Qәdim hind vә yunan mifologiyalarında günәş göz ilә qarşılaşdırılırdı. Bu qarşılaşdırma müqayisə işindә gün ilә gözün xarici bәnzәrliyi (һәr ikisi işıq verir, dairәvidir, görür) әsasında mәna dəyişikliyi әsas götürülürdü. Bir sıra xalqlarda (malaylar) günәş göz ilә eynilәşdirilir, gün gözә bәrabәr tutulur. «Gecәnin gözü», «sübһün gözü» ifadәlәri isә analogiya üzrə meydana gәlmişdir.
Bir sıra qәdim dillәrdә «günәş», «ay» vә «göz» mәfhumları eyni sözlә ifadә edilirdi. Günәş, əslindә, gündüzün gözü sayılırdı. Qәdim misirlilərin zәnnincә, ay ilә günəş ilah Amon-Ranın sağ vә sol gözlәridir. Çinlilәrdә «göz» vә «günәş» anlayışları bir ümumi heroqliflә әks etdirilir, günәş vә ay göyün gözlәri hesab olunurdu.
Günәş «Avesta»da xeyir allahı Hörmüzdlə bağlanır. Sәhәrin gözü günәşin rәmzi olan Hörmüzdün gözü, günәşin gözü demәkdir.
Məsəllər, deyimlər►Müəyyən bir işi görmək üçün cavabsız qalan çağırışlar etmək, uğursuzluğu əvvəlcədən bilinən hərəkətlərə yol vermək.
İfadənin qədim «İncil» rəvayətlərindən qaynaqlandığı güman edilir.
Qədim «İncil» rəvayətlərinə görə, nüfuzlu peyğəmbərlərdən biri dolaşdığı səhradan Allahın dərgahına hamar yol salmağı istədi. Niyyətini kimsəsiz səhrada ucadan dilə gətirdi. Bunun üçün kimsəsiz çöllərdə yaxşı yollar salmaq, dağları azaltmaq, hamar olmayan yerləri düzəltmək lazım idi. Amma insanlar peyğəmbərin istəyinə əhəmiyyət vermirdilər, çünki heç kim bu işi boynuna götürmək fikrində deyildi.
Deyim tarixən daşıdığı «cavabsız qalan səda» mənasını itirməmişdir. Bu gün də müəyyən bir işi görmək üçün cavabsız qalan, heç kimin ciddi qəbul etmədiyi çağırışlara, uğursuzluğu əvvəlcədən bilinən hərəkətlərə münasibət bildirərkən «Səhrada haray salmaq» ifadəsi işlədilir.
Məsəllər, deyimlər►Hər hansı bir səhvi bilərəkdən başqa bir şeyin və ya şəxsin üzərinə atmağa qarşı etiraz və kinayə bildirən ifadə.
İfadə Molla Nəsrəddinin bir lətifəsindən qaynaqlanır.
Bir gün Mollanın qazıya işi düşür. Rüşvətxor qazı Mollanın bu işini aylarca süründürür. Axırda Molla görür ki, qazı rüşvətsiz iş görməyəcək. Gedib bazardan bir küpə alır. Küpənin içini qulpuna qədər sarı palçıqla doldurur. Üstünə iki barmaq qalınlığında yaxşı inək yağı qoyub aparır qazıya. Qazı yağı görcək Mollaya lazım olan kağızı yazıb verir, özünü də hörmət-izzətlə yola salır. Molla gedəndən sonra qazı küpəni açıb boşaltmaq istəyir. Bir də nə görür... İki barmaq yağın altından sapsarı palçıq çıxır. Qazı çox əsəbiləşir. Qulluqçusunu göndərib Molla Nəsrəddini çağırtdırır. Qulluqçu gəlib Mollanı tapır və qazının çox mühüm bir iş üçün onu çağırdığını xəbər verir. Molla işi bilir və heç halını dəyişmədən durub qazının yanına gəlir. Qazı Mollanı görcək başını yuxarı qaldırmadan hirsli-hirsli deyir:
– Molla, o kağızı mənə qaytar, deyəsən, orada bir səhvə yol vermişəm, düzəldəcəyəm.
Molla gülə-gülə deyir:
– Zəhmət çəkmə, qazı ağa! Mən kağıza baxmışam, orada heç bir səhv yoxdur. Səhv kağızda yox, yəqin, yağ küpəsində olub. Yoxsa siz kağızdakı səhv üçün belə narahat olmazdınız.
Məsəllər, deyimlər►Müəyyən ödəniş müqabilində görülən işin qaneedici olmadığını bildirmək üçün işlədilən ifadə.
İfadə «Bəyin oğurlanması» filmindən (1985) qaynaqlanmışdır.
Kino ustalarının kənddə toy səhnələrini lentə almaları ilə bağlı maraqlı epizodlar üzərində qurulmuş bu əyləncəli kinokomediyada insan xoşbəxtliyi və bu xoşbəxtlik uğrunda aparılan mübarizədən bəhs olunur.
Məlum ifadə filmdə maliyyə işlərinə baxan Mustafanın (Səyavuş Aslan) dilindən səslənir. Mustafa üçün hər şeyin pulla ifadəsi vardır. Ona görə də qurulmuş rəqsin zəif və sönük alınması onu qane etmir, o səbəbdən də verdiyi pulun miqdarını vurğulamağı vacib sayır.
Filmdən sonra xeyli məşhurlaşmış bu deyim verilmiş pul müqabilində bir işi lazımınca yarıtmayanlara münasibətdə təəssüf bildirən ifadə kimi işlədilir.
Məsəllər, deyimlər►Bir şeyә qarşı mütәşәkkil, davamlı və ardıcıl şəkildə aparılan mübarizәni bildirən ifadə.
İfadə XI–XIII әsrlәrdә katolik kilsәsinin təkidi ilə Qüdsü (Yerusәlimi) azad etmək üçün Yaxın Şәrqdə aparılan səlib müharibələrindən qaynaqlanır.
Kilsә «müqәddәs torpağı» «dinsizlәrdәn» (yәni müsәlmanlardan) azad etmәk şüarını irәli sürmüşdü, çünki 1095-ci ildə bütün səlcuq türkləri Qərbi Asiyaya yürüşə başlamışdılar. Onlar Yerusəlimi (Qüdsü) misirlilərin əlindən almışdılar. Xristian zəvvarlar əsrlərboyu müsəlmanların əlində olan Yerusəlimi ziyarət etmişdilər.
Konstantinopolda (indiki İstanbul) hökmranlıq edən və Kiçik Asiyanın böyük hissəsi türklər tərəfindən əlindən alınan Bizans imperatoru indi Qərbdən yardım istəyirdi. Roma papası II Urban Klermon şəhərində din xadimlərinin şurasını çağırır və Yerusəlimi türklərin əlindən almağa səsləyir. Toplantıya gələnlər, o cümlədən fransız zadəğanları papanın çağırışına səs verirlər. Onlar «Allah bizi çağırır!» şüarını səsləndirərək müqəddəs müharibədə iştirak edəcəkləri barədə and içirlər.
Әslindә, Roma papasının vә Avropa feodallarının başçılıq etdiklәri bu yürüşlәr Şәrqdә yeni torpaqlar tutmaq, әhalini istismar etmәk vә mәnfәәt әldә eləmәk mәqsәdi güdürdü. İki әsr müddәtindә sәlib yürüşlәri 8 dәfә tәkrar olunmuşdu.
Xristianlıq ideyaları və rəmzləri uğrunda müsəlmanlarla böyük döyüş təcrübəsinə malik olan ispanlar bu yürüşləri «crorada», yəni «xaç» adlandırırdılar. Amma demək lazımdır ki, səlib yürüşləri öz məqsədinə çata bilmədi. O vaxtdan şər qüvvələrə qarşı istənilən döyüş səlib yürüşü, yaxud «xaç yürüşü» adlandırılır.
Məsəllər, deyimlər►İnsanın yaşı ilə onun ağlı və dünyagörüşü arasında müəyyən ziddiyyətin olduğuna işarə ilə deyilən istehzalı ifadə.
İfadə el arasında Mövlana ilə bağlı yayılmış bir əhvalatdan qaynaqlanır.
Həzrəti Mövlana (Cəlaləddin Rumi) müxtəlif dinlərə mənsub adamlarla da tez-tez görüşər, onlarla fəlsəfi söhbətlər edərdi. Bu söhbətlərdən sonra islama rəğbəti artanların, müsəlman olmaq istəyənlərin sayı xeyli çoxalardı. Günlərin bir günü Həzrəti Mövlana söhbət etdiyi bir rahibdən belə soruşur:
– Sən böyüksən, yoxsa saqqalın?
Rahib dərhal cavab verir:
– Mən saqqalımdan 20 yaş böyüyəm.
Həzrəti Mövlana belə buyurur:
– Səndən 20 yaş kiçik olan saqqalın ağarmış, lakin sən isə hələ də qaranlıqlar içindəsən.
Rahib elə oradaca islam dinini qəbul edir.
Məsəllər, deyimlər►«Sənin işin düzəldi», «sən qazandın» mənalarında işlədilən ifadə.
Xeyli populyar olan bu ifadə Molla Nəsrəddinin bir lətifəsindən qaynaqlanır.
Bir gün Molla Nəsrəddin şəhərə gedəndə qonşuların hərəsi ondan bir şey almağı xahiş edir, amma heç kim pul vermir. Molla da özlüyündə heç kimin qəlbini qırmaq istəməyib elə hamıya «baş üstə, alaram, taparam, gətirərəm» deyir.
Bu vaxt bir uşaq Molla Nəsrəddinə yaxınlaşıb utana-utana pul verir və xahiş edir ki, şəhərdən ona tütək alıb gətirsin.
Molla Nəsrəddin pulu alıb deyir:
– Hə, bala, bax sən çaldın.
Əslində, lətifədəki «çaldın» sözünün «əldə etmək» mənası dilimizdə əvvəllər də olmuşdur. Sadəcə bu epizodda ifadənin bu dərəcədə populyarlaşmasının əsas səbəbi söz oyununun (kalamburun) uğurundadır. Yəni Mollanın «sən çaldın» cavabı həmin situasiyada məhz uğurlu söz oyununa görə geniş yayılmışdır.
Məsəllər, deyimlər►Danışarkən kiçik və əhəmiyyətsiz iş görəcəyini bildirsə də, əslində, böyük və təhlükəli əməllərə hazırlaşana münasibətdə deyilən qınayıcı ifadə.
İfadə xalq arasında yayılmış alleqorik əhvalatla bağlı yaranmışdır.
Əhvalatda deyilir ki, həyatı boyu müxtəlif heyvanları ovlayıb yemiş şir bir gün istəyir ki, ağzını öküz əti ilə dada gətirsin. Ancaq heç cür buna nail ola bilmir. Belə olanda şir hiyləyə əl atır. Özünü ona dost kimi göstərərək bir gün öküzü nahara dəvət edib deyir:
– Mən qoyun kəsmişəm, gəl onu bir yerdə yeyək.
Öküz şirə inanır və qonaq gəlir. Ancaq çoxlu odun, iri çuqun qazan görəndə məsələdən duyuq düşüb geri qayıtmaq istəyir.
Şir öküzün duruxduğunu, geri qayıtmaq istədiyini gördükdə xəbər alır:
– Nə olub, nədən çəkinirsən?
– Tədbirindən belə görünür ki, sən qoyun yox, öküz qızartmağa hazırlaşırsan, – deyə öküz geri dönür.
Məsəllər, deyimlər►Özünü başqası ilə, ondan hədsiz üstün olan biri ilə eyniləşdirən və ya onunla müqayisə edən adam haqqında kinayə ilə işlədilən ifadə.
İfadə xalq arasında geniş yayılmış bir rəvayətdən qaynaqlanır.
Həmin rəvayətdə deyilir ki, ovçuların izlədiyi yaralı maral meşənin qalın yerinə girib canını birtəhər qurtarır. Bir gölməçənin kənarında ayaq saxlayıb su içir, təhlükənin sovuşduğunu görüb elə buradaca dincini alır. Gölməçənin kənarında marala göz qoyan qurbağa onun bikef olduğunu görüb soruşur:
– Ay maral, nə olub sənə, niyə belə narahatsan?
Maral cavabında dərdli-dərdli deyir ki, «adamlar məni çox incidirlər».
Qurbağa isə başını canıyananlıqla bulayıb cavab verir ki, «axı bunlar sən maralla mən maraldan nə istəyirlər, niyə gözləri bizi götürmür?»
Maral heyrətlə bir qurbağanın eybəcər sir-sifətinə, bir də suda özünün gözəl əksinə baxır və dərindən ah çəkərək:
– Bu güllə yarası məni öldürməzdi, amma sənin özünə maral deməyin məni qiyamətə qədər yandıracaq, – deyir.
İfadə bəzən qisaca «sən maralla mən maral» şəklində də işlədilir və özünü başqalarına tay etmək istəyən səfeh adamlara münasibətdə kinayə və rişxəndlə işlədilir.
Məsəllər, deyimlər►Özünə sərfəli olduğuna görə qeyri-mümkün işi müdafiə edən və bu zaman daha nüfuzlu adamların rəyini əsas gətirən adamlar haqqında işlədilən ifadə.
İfadə xalq arasında danışılan bir lətifədən qaynaqlanır.
Əldən-ayaqdan düşmüş, dişləri tökülüb beli bükülmüş, gözləri yaxşı görməyən bir qarı hər gün oğlunu danlayaraq onu həkimin yanına aparmasını tələb edirmiş. Bir gün oğlu onu məşhur həkimlərdən birinin yanına aparır. Qarı bütün şikayətlərini söyləyib həkimdən ona dərman verməsini xahiş edir. Həkim bütün bu xəstəliklərin qocalıq əlaməti olduğunu başa düşür, lakin arvada sataşmaq məqsədilə zarafatla onun oğluna deyir:
– Bu arvadı ərə vermək lazımdır. Onda bütün xəstəlikləri sağalıb gedər.
Həkimin bu sözlərindən pərt olmuş oğlan gah həkimə, gah da anasına baxıb təəccüb edir. Oğlunun etiraz etmək istədiyinu duyan qarı ona acıqlanaraq deyir:
– Nə mat-mat baxırsan, kişinin dediyinə yaxşı qulaq as də, bu işləri sən yaxşı bilirsən, yoxsa həkim?
Məsəllər, deyimlər►Qayda-qanuna və dinə zidd hərəkətlər edən məsləksiz adamların öz davranışlarına əxlaqsızcasına haqq qazandırmaq üçün işlətdikləri ifadə.
İfadə görkəmli dramaturq Cəfər Cabbarlının «Sevil» pyesinin qəhrəmanlarının nitqindən qaynaqlanır.
Həmin pyesin personajlarından biri olan Əbdüləli bəy din və şəriət haqqında söz düşərkən bu ifadəni özünəməxsus şəkildə işlədir. Sonralar həmin sözlər atalar sözü və zərbi-məsəl kimi işlənməyə başlamışdır.
Şəriət islam dinində, bir növ, hüquqi münasibətləri tənzimləyir, dini qaydaları özündə birləşdirsə də, əslində, qanunlar toplusudur və müsəlmanları bu qaydalara əməl etməyə çağırır. «Sənə-mənə nə şəriət?!» ifadəsi bu qaydalara əməl etməyən müsəlmanlara (xüsusən də əhli-kef olanlara) aid edilir.
Məsəllər, deyimlər►Özünə aid olanı məhv etməyə, dağıtmağa, kökündən kəsməyə haqq qazandırmaq üçün işlədilən ifadə.
İfadә böyük rus yazıçısı Nikolay Qoqolun mәşhur «Taras Bulba» әsәrindәn qaynaqlanaraq yayılmışdır.
Taras vәtәn xaini hesab etdiyi oğlu Andreyi heç nəyə baxmadan öldürәrkәn bu sözlәri deyir. Yazıçı İsa Hüseynov bu ifadə ilə bağlı «Yeni zaman, yeni qәhrәman» adlı mәqaləsindә belə deyir: «...böyük Qoqolun Taras Bulbası. Bu «adi», savadsız kazak öz mәnәvi zәnginliyi, xarakterinin bütövlüyü ilә bu gün dә bizi heyran qoymurmu? «Sәni mәn yaratmışam, mәn dә mәhv edәcәyәm» sözlәri xalq arasında aforizm kimi yayılaraq bu son dәrәcә canlı vә güclü adamın milyonların şüurunda hәlә dә yaşadığına dәlalәt edir».
Azərbaycan yazıçı və dramaturqlarının əsərlərində, eləcə də publisistik yazılarda bu ifadəyə tez-tez rast gəlmək mümkündür.
Məsəllər, deyimlər►Keçmişində yaxşı vaxtları, nüfuzu, pulu olduğunu iddia edən adamlara guya təsəlli vermək və onları ruhlandırmaq üçün kinayə ilə işlədilən ifadə.
İfadə «Uşaqlığın son gecəsi» filmində (1968) Muradla Davud arasında gedən söhbətdən qaynaqlanaraq yayılmışdır.
Bu söhbət əsnasında Davud keçmiş günlərini xatırlayır. Məhəllənin adət-ənənələrindən, öz cavanlığından danışır. Davudun gənclik hekayələrini dinləyən Murad həmişəki kimi bu dəfə də onu istehza ilə dinləyir, yenə ələ salır və yarızarafat, yarı kinayə ilə «Qədeş, sənin də vaxtların olub, a!» ifadəsini işlədir.
Məsəllər, deyimlər►Hәlli böyük fәrasәt, zəka vә hazırcavablıq tәlәb edәn müәmmalı mәsәlә haqqında işlədilən ifadə.
İfadə yunan mifologiyasından qaynaqlanaraq yayılmışdır.
Yunan əfsanələrinə görə, Sfinks – qadın sifətli, şir bədənli və böyük quş qanadları olan bədheybətdir. O, Fivin şəhər qapılarının yanında hündür bir təpədə dayanır və hər yoldan keçənə eyni sualı verirdi: «Kim səhər dörd, günorta iki, axşam isə üç ayaq üstə gəzir?» Tapmacanın cavabını tapa bilməyənləri bu bədheybətin pəncələri arasında dəhşətli ölüm gözləyirdi.
İnsanlardan yalnız Fiv şəhəri hökmdarının oğlu Edip tapmacanın doğru cavabını tapmışdı. Cavan oğlan belə cavab vermişdi: «Körpə uşaq dörd ayaq üstə iməkləyir, böyük adam iki ayaq üstə gəzir və qocalar isə əlağacına söykənərək hərəkət edirlər».
Tapmacanın tapıldığını görәn Sfinks buna dözә bilmәyib özünü öldürür (başqa rәvayәtә görә isә onu Edip öldürmüşdür).
Məsəllər, deyimlər