►Hansısa düşünülməmiş hərəkəti ilə gülüş yaradan və ya tez-tez yanlış qərarlar verən adam haqqında işlədilən ifadə.
İfadənin birbaşa ağılla əlaqəsi olmayan «alaçıq» sözünün təhrifi nəticəsində yarandığı ehtimal edilir.
Yəqin ki, hər hansı işi yarıtmayan, düşünülməmiş söz danışıb gülünc təkliflər verən, hərəkəti ilə gülüş yaradan adam haqqında bu ifadəni eşidəndə fərqinə varmısınız ki, insanın ağlına necə keçə yamamaq olar? Dolaşıqlıq buradakı «ağıl» sözünün yanlış işlədilməsindədir. Məsələ burasındadır ki, ifadədəki ağıl sözü, əslində, al (ön, qabaq) kəlməsinin təhrif olunmuş formasıdır.
Prof. Bəşir Əhmədov bu ifadəni «alaçıq» anlayışı ilə əlaqələndirir. Onun fikrincə, dilimizdəki «alaçıq» sözü «qabağı açıq» (qapısı olmayan) deməkdir. Bir qayda olaraq, belə alaçıqda qapı əvəzinə bir palaz asırlar ki, oradan da içəri müəyyən qədər görünür. Bəzən yad adamların alaçığın içinə boylanmasının qarşısını almaq və həmin görünən yeri, yəni kəm-kəsiri örtmək üçün palaza bir keçə də calayırlar. Göründüyü kimi, ifadənin etimologiyasının ağılla bağlılığı yoxdur və onun ilkin mənası «qabağına keçə yamayım (yapışdırım)» deməkdir.
Məsəllər, deyimlər►Heyrətlənmək, hədsiz təəccüblənmək, bir anlığa yerində donub-qalmaq.
İnsan instinktlərinin vəziyyəti ilə bağlı yaranmış bu ifadə müəyyən elmi mülahizələrdən qaynaqlanır.
Adətən, dil faktlarında həmişə həm hissi, həm də əqli cəhətlər özünü göstərir. İnsan hissləri dil faktlarından başqa, digər vasitələrlə də ifadə olunur. Vaxtilə hisslərin ifadə üsulu və vasitələrini öyrənməklə məşğul olan ingilis təbiətşünas alimi Çarlz Darvin (1809–1882) göstərirdi ki, insanlara xas olan jestlər və ifadəli hərəkətlər rüşeym halında ali heyvanlara da xasdır. Həm də bu hərəkətlər müəyyən əsəb qıcıqlandırıcıların təsiri ilə meydana gələn xüsusi reflekslərdən ibarətdir. Odur ki təəccüblənəndə adamın ağzının açılmasını Ç.Darvin tənəffüs orqanlarının quruluşu ilə, çənəni saxlayan əzələlərin hərəkətsizliyi ilə əlaqələndirirdi.
İngilis bioloqu Karl Pirson (1857–1936) isə bu hadisəni başqa cür izah etmişdi. Onun fikrincə, adamlar təəccüb və qorxudan ona görə gözlərini və ağızlarını açırlar ki, bu təəccüb və qorxunu yaradan obyektləri daha yaxşı qavramağa cəhd göstərirlər. Guya yaxşı qavranılmış təhlükədən daha asanlıqla və əlverişli şəkildə yaxa qurtarmaq mümkündür. Ağızın açılması belə vəziyyətlərdə qulağın yaxşı eşitməsinə kömək edir.
Başqa bir mülahizəni isə həkimlər irəli sürmüşlər. Onlar göstərirlər ki, kiçik heyvanların balaları yemək vaxtı çatanda ağızlarını açırlar ki, onları yemləsinlər. Eynilə bunun kimi, körpə uşaqlar da görmə və eşitmə orqanlarına edilən hər hansı bir təsirdən ağızlarını açırlar, sanki bununla yeməyə, yaxud süd əmməyə hazırlaşırlar. Bu adət irsən keçir, insanın bütün həyatı boyu davam edir. Beləliklə də «ağzı açıla (ayrıla) qalmaq» hərəkəti qorxu və təəccüb zamanı üzə çıxan səciyyəvi bir reaksiya kimi özünü göstərir.
Məsəllər, deyimlər►Bir işin əsl mahiyyətini bilmədən başqalarını ittiham edən adamlara münasibətdə işlədilən qınayıcı ifadə.
İfadə südəmər uşağın daim bələkdə olması, isti-soyuq görməməsi ilə bağlı yaranmışdır.
Bu obrazlı ifadə ilkin mənasında dünyadan xәbәrsiz körpә uşaqları sәciyyələndirmәk üçün işlədilmişdir. Dünyanın heç bir isti-soyuğunu görmәyәn körpәnin ağzı isti ana südündən başqa heç nә dadmamış olur. Axı bu isti ana südündən başqa, dünyada soyuq şeylәr dә var ki, bunları körpә hələ görmәmiş, dadmamışdır. «İsti-soyuq görməmək» ifadәsi də buradan meydana gəlmişdir.
Dilimizdə bu ifadәnin «ağzın istidir» şәkli də mövcuddur.
Məsəllər, deyimlər►Susmaq, danışmamaq, səsini çıxarmamaq, haqqında danışılan vacib bir məsələyə reaksiya verməmək, bir şeyə münasibət bildirməmək.
İfadə el arasında yayılmış bir lətifə ilə əlaqədar formalaşmışdır.
Həddən artıq deyingən bir gəlin öz zəvzəkliyi ucbatından əri ilə heç cür yola gedə bilmirmiş. Əri hər nə desə, ona cavab qaytarar, onun hər sözünə bir qulp qoyar, hər hərəkətinə etirazını bildirərmiş. Nəticədə evdə həmişə dava-dalaş olurmuş.
Günlərin birində arvad öz evlərindəki bu vəziyyəti anasına danışır, əri ilə özü arasında olan narazılığı aradan qaldırmaq üçün məsləhət istəyir. Anası məsləhət görür ki, ərin evə gələn kimi ağzına su alıb saxla. Ana bərk-bərk tapşırır ki, kişi evdə olduğu müddətdə bu suyu nə qaytar, nə də iç, sadəcə ağzında saxla və danışma.
Bundan sonra əri hər dəfə evə gələndə arvad ağzına su alıb oturur, əri hər nə desə də, ağzında su olduğu üçün cavab qaytara bilmir, beləliklə, susmağı öyrənir və ər-arvad arasında tədricən mehribanlıq yaranır.
Məsəllər, deyimlər►Zəif nöqtə, ən zəif və boşluq olan yer.
İfadə qədim yunan əsatirindən qaynaqlanır.
Həmin əsatirə görə, dəniz ilahının oğlu olan Axillesin gələcəkdə güclü, qoçaq, dözümlü və yenilməz olması üçün anası onu yeraltı Stiks çayının müqəddəs suyunda çimizdirir. Bu zaman anası uşağın dabanından tutub suya çəkdiyi üçün onun dabanına su dəymir. Beləliklə, ox, qılınc və nizənin kar eləmədiyi igid Axillesin bədənində bircə zəif və kövrək nöqtə olur: müqəddəs suyun dəymədiyi dabanı.
Əsatirə görə, günəş ilahı Apollonun köməyi ilə Troya hökmdarının oğlu Paris döyüşlərin birində Axillesi məhz bu zəif nöqtəsindən – dabanından oxla vurub yaralayır. Məşhur ifadə də məhz buradan yayılmışdır. Adətən, bir adamın zəif, tez sınan cəhəti «Axilles dabanı» ifadəsi ilə bildirilir.
Məsəllər, deyimlər►Qeyri-adi, başqalarından fərqlənən, seçilən, həm də müəyyən qədər adamlara yovuşmayan şəxslər haqqında daha çox mənfi çalarda işlədilən ifadə.
İfadə Roma şairi Yuvenalın satirasından qaynaqlanmışdır.
Təbiətdə ağ rəngli heyvanlara nadir hallarda rast gəlinir, onları albinos, ifadəni isə albinizm (lat. «albus» – ağ) adlandırırlar. Qarğalar arasında da albinoslara rast gəlmək olar, amma bu, nadir hallarda baş verir. Digərlərindən kəskin fərqlənən insanları «ağ qarğa» adı ilə ilk dəfə Qədim Roma şairi Yuvenal 7-ci satirasında müqayisə etmişdir: «Fələk qullara çarlıq, əsirlərə qələbə verir, amma belə xoşbəxtlər ağ qarğalardan da az olur».
Yuvenalın bu müqayisəsi bəyənilmiş və ifadə geniş işlənməyə başlamışdır. İfadə öz xüsusi keyfiyyətlərinə görə ətrafındakılardan kəskin fərqlənən insanları səciyyələndirmək üçün işlədilir.
Məsəllər, deyimlər►Xeyirsiz, faydasız ticarət aparmağı, ümumiyyətlə, hər hansı uğursuz alış-verişi sәciyyәlәndirmәk üçün işlәdilən ifadə.
Tam şәkli «aldım qoz, satdım qoz, mənә qaldı şaxşaxı» formasında olan bu ifadә xalq arasında geniş yayılmış əhvalatla bağlı yaranmışdır.
Birisi hər gün bazara çıxar, guya alver edərmiş. Yəni kilosu beş manata olan qozu alıb elә oradaca da һәmin qiymәtә satarmış. Bir gün ondan belə mənasız hərəkətinin səbəbini soruşurlar:
– Aşna, bu nә demәkdir? Bəs sən bu minvalla bazarda һavayı vaxt itirib nə qazanırsan?
– Allaһ bərəkət versin! – deyir һәmin adam. Sonra da əlavə edir ki: – Düzdür, bu alış-verişdə mənim elə bir qazancım olmur, amma biləsiniz ki, qozların şaqqıldamasından çox xoşum gәlir.
Bəzən situasiyanı xarakterizə edərkən bu ifadənin qarşılığı kimi məzmunca yaxın olan «Molla Nәsrәddinin yumurta alış-verişi» ifadəsi də işlədilir.
Məsəllər, deyimlər►Əvvəldən axıra kimi hər şeyi tam əhatə etməyi bildirən ifadə.
İfadə xristianların müqəddəs «İncil» kitabından qaynaqlanmışdır.
«Mən – alfa və omeqa, başlanğıc və son, birinci və axırıncıyam» – «İncil»də Tanrı özü haqqında bu sözləri deyir. «Alfa» («a» səsini verir) yunan əlifbasının birinci, «omeqa» («o» səsini verir) isə sonuncu hərfidir.
Belə ifadələr bütün dillərdə mövcuddur; məsələn, Azərbaycan dilində «A»-dan «Z»-yə, ruscada «A»-dan «Я»-ya kimi ifadələri mövcuddur. Bütün dillərdə əlifbanın birinci və sonuncu hərfləri ilə ifadə olunan bu birləşmə «alfadan omeqaya kimi» ifadəsində olduğu kimi «başdan-ayağa», «tamamilə», «əvvəldən axıra kimi» mənasını verir.
Məsəllər, deyimlər►Dolanışığını əzab-əziyyətlə, çox çətinliklə, halallıqla təmin etmək.
İfadə Şərqdə geniş yayılmış dini rəvayətlərdən qaynaqlanır.
Həmin rəvayətlərin birində deyilir ki, guya Allah günah işlətmiş Adəmi cənnətdən qovanda ona demişdi ki, sən çörəyini alın təri ilə qazanıb yeyəcəksən. «Bibliya»da həmin sözlər bu şəkildə göstərilir: «Yarandığın torpağa qayıdana qədər sən alın təri ilə çörək yeyəcəksən, çünki sən torpaqdansan və torpağa da qayıdacaqsan».
Dini əfsanələrlə bağlı olduğu üçün bu ifadə bir çox dillərdə geniş yayılmış və bədii əsərlərdə də işlənməkdədir; məsələn, M.F.Axundzadənin Hacı Qarası biçinçi ermənilərin qabağını kəsdiyi məşhur səhnədə deyir: «Qırışmal uşağı, xalq əzab çəksin, alın təri ilə mal qazansın, siz müftə yerə sahiblik edin?! Bu harda görünüb?»
Doğruluq, dürüstlük, halallıqla yaşamağın vacibliyinin təbliğ olunduğu məqamlarda bu ifadə geniş işlənir.
Məsəllər, deyimlər►Taleyə, bəxtə inamı, qismətinə düşən payla razılaşmağı qeyri-iradi qəbul etməyi bildirən ifadə.
Birbaşa insan taleyi ilə bağlı olan ifadə xalq inancından qaynaqlanmışdır.
Bəzən «alın yazısı» əvəzinə «tale yazısı» da işlədilir və bütün hallarda ifadə «insanın taleyinin əvvəlcədən proqramlaşdırıldığı»nı bildirir.
Səmavi dinlərdə «alın yazısı», «qismət» məfhumları xüsusi qabardılır, hər bir şeyin Tanrının əlində olduğu, yalnız onun istədiyi təqdirdə bəndənin imkanlara sahib olacağı, xoşbəxtlik, uğur əldə edəcəyi bildirilir. İslam dinindә «alın yazısı» ifadәsi «qәdәr», «qәzavü-qәdәr», «tәqdir» terminlәri mәnasında işlәdilir. «Alın yazısı» o demәkdir ki, bu dünyada şәxsin bütün һәyatını, mәnәviyyatını Allaһ idarә edib istiqamәtlәndirir. «Qurani-Kərim»də deyilir ki, «yalnız onun (Allahın) «ol» – deyəcəyi halda hər şey olacaq, mələklər icra edəcək, yaradılmışlar öz nəsibini alacaqlar». Odur ki yamanlıq vә yaxşılıq, cәza vә bәxşiş Allahın iradәsindәn asılıdır. «Bizim başımıza ancaq o şey gәlir ki, onu Allah bizim alnımıza yazmışdır» (9-cu surә, 51-ci ayə).
«Qismətdən artıq yemək olmaz», «olacağa çarə yoxdur», «alnına nə yazılıbsa, odur» deyimləri də bununla bağlıdır.
Məsəllər, deyimlər►Yersiz, ağılsız, düşünülməmiş hərəkət edən, tədricən ağlını itirən adamlar haqqında işlədilən ifadə.
Bu ifadə, çox güman ki, qədim yunan əsatirləri ilə bağlıdır.
Herakl haqqında əfsanələrdə göstərilir ki, səfehlik ilahəsi Ate Heraklın ağlını alır və o, şüursuz hərəkətlər edərək öz uşaqlarını öldürür.
İfadə Şərq ölkələrinin xalq yaradıcılığında da müdrikliyə çağırış kimi geniş yayılmışdır.
Bu məşhur deyim eyni zamanda insanın psixoloji durumu ilə də bağlı işlənir. Yəni, adətən, dərdli, problemli adamın başı düşdüyü vəziyyətə qarışmış olur. Bu halda o atdığı addımı düşünmür, mexaniki hərəkətlər edir, buna görə də tez-tez gülünc vəziyyətlərə düşür.
Məsəllər, deyimlər►Düzgün, əxlaqlı insan olmaq, Allaha sədaqətlə xidmət etmək, onun göndərdiyi hər şeyə (hətta bəlaya da) şükür etmək, aza qane olmaq.
İfadə Həzrət İbrahimin dilindən söylənilən və insanın Allah sevgisi ilə bağlı olan bir rəvayətdən qaynaqlanır.
Həmin rəvayət belə nəql olunur ki, «bir dəfə mən bazardan qul aldım və ondan soruşdum ki, «adın nədir?»
– O cavab verdi ki, «ürəyin nə istəyirsə, o».
– Mən ondan soruşdum ki, «nə yemək istəyirsən?»
– Cavab verdi ki, «mənə nə verəcəksənsə, onu».
– Soruşdum ki, «əyninə nə geyim istəyirsən alım?»
– O cavab verdi ki, «nə alacaqsansa, onu».
– Soruşdum ki, «hansı işin qulpundan yapışmaq istəyirsən?»
– Cavabında dedi ki, «mənə buyuracağın işin».
– Soruşanda ki «bəs sən özün nə istəyirsən?».
– O cavab verdi ki, «mən qulam, nə istəyə bilərəm ki?!»
– Onda mən özlüyümdə düşündüm ki, kaş mən də uca Allahıma belə sadiq qul ola biləydim».
El arasında bu ifadə «Allahına bəndəlik etmək» şəklində də işlənir.
Məsəllər, deyimlər►Vəziyyətdən çıxmaq, birini başdan etmək üçün uydurulan görüş və ya nəzərdə tutulan hansısa işlə bağlı deyilən ifadə.
İfadə «Uzaq sahillərdə» filmində (1958) səslənib və populyarlaşıb.
Alman faşistlərinin nəzarət etdiyi Triest şəhərində müəyyən strateji obyektləri partlatmaq tapşırığı alan Mixaylo döyüş dostları – Anjelika və Visilin ilə şəhər mərkəzində öz mövqelərini tuturlar. Anjelika yüngül əxlaqlı qadın roluna girərək şəhərin mərkəzi küçələrinin birində zabitlərin arasında gəzişir. Restorandan çıxan kişilərlə mazaqlaşaraq klubda yüksəkrütbəli zabitlərin izləyəcəyi filmin vaxtını öyrənir. Məlumatı Mixaylo və Visilinə çatdırmaq üçün geri qayıdarkən izlənildiyini duyur. Hiss etdirməmək üçün yenidən yüngül əxlaqlı qadın obrazına girib onu izləyənlərin yanından ötərkən casus Karrantiylə rastlaşır. Bir müddət əvvəl partizan dəstələrinə girib almanlara işləyən Karranti Anjelikanı dərhal tanıyır. Digər partizanların yerini müəyyənləşdirmək üçün qızın qollarını burdurmağı əsgərlərə əmr edir. Anjelika tapşırığı sona qədər yerinə yetirmək üçün Mixaylogilin gizləndiyi səmtə üzünü tutaraq ucadan: «Mənim saat 9-un yarısında alman zabiti ilə görüşüm var, eşidirsinizmi? Doqquzun yarısında...» – deyə partizan dostlarını kino seansının vaxtı barədə məlumatlandırır.
Məsəllər, deyimlər►Bәxti gәtirmәk, uğur qazanmaq, işləri düzəlib qaydasına düşmək, vәziyyәti yaxşılaşmaq.
İfadәnin mәcazi mәnası məşhur yunan tarixçisi Herodotun təsvir etdiyi bir әһvalatla әlaqәdar meydana gəlmişdir.
Qәdim fars һökmdarı Kambiz Misirә səfərə gedəndən sonra һakimiyyәti maq tayfasına məxsus olan iki adam әlә almışdı. Kambiz öləndən sonra yeddi fars zadәganı (Otan, Aspafin, Qobriy, İntafren, Meqabiz, Gidarn, Dara) hakimiyyət çevrilişi edәrәk һәmin maqları öldürür. Beş gündәn sonra həmin yeddi zadəgan dövlәtin gәlәcәk quruluşu һaqqında müzakirәyә başlayır. Əsas sual bu olur: hansı idarəçilik üsulu daha yaxşıdır – demokratiya, oliqarxiya, yoxsa monarxiya?
Hakimiyyәtin bütün fars xalqına verilmәsini tәləb edən Otan monarxiyanın əleyhinə çıxır. Meqabiz hakimiyyәtin oliqarxiyaya verilmәsini istəyir. Dara isә «hətta demokratik cəmiyyətdə də rәһbər tezliklә «hakimi-mütlәqә çevrilir» deyib monarxiyanı istəyir. Qalan dörd zadəgan da Daranın fikirlərinə tərəfdar çıxır. «Kim hökmdar olmalıdır» məsələsində bu qərara gəlirlər ki, səhər tezdən gün doğanda atlara minib şəhər kənarına çapsınlar, kimin atı birinci kişnəsə, onun sahibi hökmdar olsun.
Yığıncaqdan sonra Dara Ebar adlı bir mehtərini çağırıb deyir ki, bacarırsansa, elə bir hiylə qur ki, mənim atım birinci kişnəsin, hakimiyyət mənə çatsın. Ebar ona maraqlı bir cavab verir: «Ağa, əgər sənin hökmdar olub-olmamağın bundan asılıdırsa, narahat olmağa dəyməz». Ebar gecə ikən Daranın ayğırının çox xoşladığı bir madyanı şəhər darvazasından çıxarıb bir yerdə möhkəm bağlayır. Sonra Daranın ayğırını onun yanına gətirir və onları cütləşdirir.
Səhər tezdən zadəganlar atlara minib şəhərdən çıxırlar. Gecə madyanın bağlandığı yerə yaxınlaşanda Daranın ayğırı qabağa dartınıb kişnəməyə başlayır. Bu zaman digər zadəganlar atlardan düşüb Daraya bir hökmdar kimi baş əyməli olurlar. Beləliklə, Daranın alnına gün doğur.
Məsəllər, deyimlər►Necəliyi aydın şәkildә görünmәk, kimliyi, niyyəti üzündәn bəlli olmaq.
İfadә bəzi qәdim xalqlarda mövcud olmuş adәtlә әlaqәdar meydana çıxmışdır.
Qәdimlәrdә hər hansı qəbilənin qəbul etdiyi ictimai qaydalara zidd davranmaq, xüsusilə oğurluq etmək və adam öldürmək bağışlanmırdı. Belə cinayətləri törədənləri ayrıca yerdə müəyyən müddət dustaq kimi saxlayar, müxtəlif işgəncələr verərdilər. Bununla iş bitmirdi. Həmin məhbusları başqalarından fərqləndirmək üçün onların alınlarına xüsusi damğa vururdular, həm də damğanın yerinin bitişmәmәsi üçün bura barıt sürtürdülәr. Odur ki belә damğa ömrü boyu şәxsin alnında qalır vә onun oğru, yaxud cani olduğunu bildirirdi. Bu qәddar qanun Avropa ölkələrində orta əsrlərə kimi, Rusiyada isə 1863-cü ilə qədər qüvvədə qalmışdır.
Bəzən kiminsə pis adam olduğunu bilmədiyi üçün birisini məzəmmət etdikdə o, «hardan biləydim, alnına yazılmayıb ki?!» cavabını verir.
Məsəllər, deyimlər