1. İki küsülü tərəfi barışdıran adam; vasitəçi; köməkçi, havadar.
2. Sağdış, soldış.
Dastanlarda sonuncu mənaya rast gəlinir.
Nə qəşəng geyiniblər,
Yanında duran yançılar.
Hərəsinin başı üstə
Hazır durur qulluqçular.
(“Sayad bəy-Sayalı xanım”)
*
Yançıların hər birisi
Oxşayır Zala, Rustama.
(“Sayad bəy-Sayalı xanım”)
Azərbaycan dastanlarının leksikasıAşıq, ozan. (“Koroğlu” dastanının lüğəti)
Sözün çoxdanışan, zəvzək, uzunçu, eləcə də dialektlərdə çox hürən, hürəyən it mənaları da var.
Elə bu dəmdə Koroğlu özünü saldı meydana. Aslan paşa gördü budu, bir aşıq çiynində saz girdi ortalığa.
Dedi:
– Ayə, yanşaqsanmı?
Koroğlu dedi:
– Bəli, paşam, yanşağam. (“Durna teli”)
*
Həsən paşa dedi:
– Yanşaq, and olsun ki, indiyə kimi belə tərif eşitməmişdim. Sən dediyin bu sifətlər Həmzə bəyin Çəmlibeldən qaçırıb gətirdiyi Qıratda var. (Paris nüsxəsi, 6-cı məclis)
*
Koroğlu tez cibindən burğulu sazını çıxardıb köklədi, Həsən paşanın adamlarının qabağını kəsib dedi:
– Yanşaq istəyirsinizsə, mən yanşağam.
Nökərlərdən biri Koroğlunun bığlarını görəndə qorxuya düşüb yoldaşına dedi:
– Bu görkəmdə yanşaq olmaz. (Paris nüsxəsi, 9-cu məclis)
*
Əyə, mən də elə bilmişəm ki, bu doğrudan da igiddi. Sən demə bu yanşaq gəvəzənin birisi imiş. (“Koroğlu ilə Dəli Həsən”)
*
Qızlardan biri onu görüb, qaçdı Əslinin yanına ki:
– Əsli bacı, bir yanşaq dayanıb bağçanın ağzında, elə yanıqlı-yanıqlı oxuyur ki... (“Əsli və Kərəm”)
*
Bura yanşaqlarının geyimi başqa cür olur. Sən gəl bu pulu məndən al! (“Əsli və Kərəm”)
Azərbaycan dastanlarının leksikasıİfadə “Şah İsmayıl” dastanındakı vücudnamədəndir.
Üç yaşından beş yaşına varanda,
Yenicə açılan gülə bənzərsən.
Beş yaşından on yaşına varanda,
Arıdan saçılmış bala bənzərsən.
On dördündə sevda yenər başına,
On beşində yavan girər duşuna,
Çünki yetdin iyirmi dörd yaşına,
Boz bulanıq axan selə bənzərsən.
Otuzunda kəhlik kimi səkərsən,
İyidlik eyləyib qanlar tökərsən,
Qırxında sən haramdan əl çəkərsən,
Sonası ovlanmış gölə bənzərsən.
Əllisində əlif qəddin çəkilir,
Altmışında ön dişlərin tökülür.
Yetmişində qəddin, belin bükülür,
Karvanı kəsilmiş yola bənzərsən.
Səksənində sinir yenər dizinə,
Doxsanında qubar qonar gözünə,
Koroğlu der: çünki yetdin yüzünə,
Uca dağ başında kola bənzərsən.
(“Şah İsmayıl”)
Bu vücudnamə orta məktəb dərsliklərinə (“Ədəbiyyat nəzəriyyəsi”, rus bölməsi üçün “Azərbaycan dili”) dəfələrlə salınsa da, bir qayda olaraq, ikinci bənd – məhz məktəblilərin yaş dövrünə aid olan bənd ixtisar olunur. Burada on beşində yavan girər duşuna misrası insan fiziologiyasında baş verən dəyişikliyə işarədir. Bu yaş dövründən etibarən gənc yuxuda arzu etdiyi gözələ qovuşur. Yalnız bu qovuşma yuxuda baş verdiyi üçün “yavan” sözü işlənmişdir.
Azərbaycan dastanlarının leksikasıPiyada.
O nədir ki, bu dünyada zatı yox?
O nədir ki, tikişi yox, qatı yox?
O nədir ki, yayax gedir, atı yox?
Çarx dolanır, bir tükənməz yolu var.
O yalandı, bu dünyada zatı yox,
O göydü ki, tikişi yox, qatı yox.
Aydı, gündü, yayax gedir, atı yox,
Çarx dolanır, bir tükənməz yolu var.
(“Heydər bəy”)
Azərbaycan dastanlarının leksikası1. Lələk.
2. məh. Oxun baş tərəfinin enli hissəsi; oxun pəri.
3. məh. Qolsuz paltar.
Dastanda ikinci mənada işlənir.
Neylərəm bağçanı, barı olmasa,
Neylərəm heyvanı, narı olmasa,
Bir igidin dünya varı olmasa,
Yeləksiz ox kimi çovar deyərlər.
(“Aşıq Alı və Əsmər xanım”)
Azərbaycan dastanlarının leksikasıHamiləlikdən azad olmaq, doğmaq.
Arvad yükünü yerə qoymaq vaxtı olanda qoca Alı kasıb-kusuba nəzir-niyaz verdi ki, siz də mənə dua eləyin, Allah bunu mənim əlimdən almasın. (“Qul Mahmud”)
*
Doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqədən sonra arvad yükünü yerə qoydu. Bundan bir cüt, yəni ekiz uşaq oldu: biri oğlan, biri qız. (“Alı xan”)
Azərbaycan dastanlarının leksikası