Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

romantizm

fr. romantisme

Ədәbiyyat vә incәsәnәtdә həyat hadisələrini yüksək ideallar prizmasından əks etdirən bədii metod.

XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Avropa və Amerika ədəbiyyatında klassisizmi inkar edən ideya-bədii istiqamət kimi yaranıb. Lakin bir çox ədəbiy­yat­şünasların fikrinə görə, elə bir estetik istiqamət, ədəbi cərəyan, hətta bədii əsər yoxdur ki, orada bu və ya digər dərəcədə romantik əhvali-ruhiyyə özünü göstərməsin. Bu baxımdan roman­tizm ədəbiyyatda realizmə qarşı qoyulan bədii metod kimi qəbul edilib. Romantizmdə həyat hadi­sələrinə yazıçının subyektiv münasibəti üstünlük təşkil edir, real hadisələrdən daha çox, ideal hesab olunan hadisə, yaxud cəhətlər ön plana çəkilir. Romantizm  daha çox sәnәtkarın arzu etdiyi xәyali hәyatın, xəyali surәtlәrin tәsvirinә әsaslanır. Azərbaycan ədə­biyyatında bu cərəyanın əsas nü­ma­yən­dələri M.Hadi, H.Ca­vid, A.Səhhət, A.Şaiq və b. olublar.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

rübai

Şәrqdә geniş yayılmış dördmisralı bənddən ibarət lirik şeir; birbəndli dördlük.

Rübai dərin ictimai, fəlsəfi və əxlaqi məzmuna malik olur; məsələn:

Elm ilə, ədəblə tapılır şərəf,

Mirvari olmasa, nə lazım sədəf?

Fürsətin var ikən sən işsiz qalma,

Boş yerə ömrünü gəl etmə tələf. (M.Füzuli)

Rübainin özünəməxsus ahəngi, vəzni vardır. Qafiyə quruluşu a.a.b.a şəklindədir. Dünya әdәbiyyatında rübainin klassik nümunәlәrini Ömәr Xәyyam yaradıb. Azərbaycan şeirində bu janrın mahir ustası XII əsr şairi Məhsəti Gəncəvidir. Müasir dövrdə də bir sıra şairlər bu janra müraciət edirlər.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

saqinamə

ər. saqi – məclisdə şərab paylayan + fars. namə – məktub

Klassik Şərq, eləcə də Azərbaycan poeziyasında saqiyə xitabən yazılan lirik şeir.

Saqinamələr, adətən, qəzəl, qəsidə və digər janrlarda yazılır. Şərq poeziyasında bir çox poemalar proloq mahiyyəti daşıyan saqinamə ilə başlayır.
XII əsrdən etibarən fars, ərəb və türkdilli ədəbiyyatda saqi­na­mələrə geniş təsadüf edilir. Onların әksәriyyәtindә nikbin ruh, hәyata bağlılıq, әsl hәyatı bu dünyada axtarmaq meyli güc­lüdür. Adətən, saqinamələr ayrı-ayrı məsnəvilərin əv­vəl­lə­rin­də verilir. Anadilli şeirimizdə saqinamənin klassik nü­­­mu­­nələri ən çox Füzuliyə aiddir.

Saqi, mədəd et ki, dərdməndəm!

Ğəm silsiləsinə payibəndəm.

Ğəm dəfinə cami-mey dəvadı.

Tədbiri-ğəm eyləmək rəvadır.

Səndən nə inayət olsa vaqe,

Fikr etmə ki, məndə ola zaye.

Mən bir sədəfəm, sən əbri-niysan,

Ver qətrəvü, al dürri-ğəltan.

Saqinamələrdə mey, şərab, badə, saqi ifadələri real məna deyil, daha çox simvolik xarakter daşıyır. Bu obrazlar təsəvvüf fəlsəfəsi ilə əlaqədar konkret mənalara malikdir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

samit səslər

Tələffüzü zamanı ağız boşluğunda müəyyən maneələrə rast gələn və bu maneələri dəf etməklə tələffüz olunan danışıq səsləri.

Səs tellərinin iştirakına görə samit səslər iki növə ayrılır: kar samitlər, cingiltili samitlər. Azər­baycan dilində 25 samit səs var. Bunlardan 14-ü cingiltili: [c], [v], [ğ], [g], [b], [z], [j], [d], [q], [y], [l], [m], [n], [r], 11-i isə kar samitdir: [ç], [f], [h], [x], [k], [p], [s], [ş], [t], [k`], [x`]. [h] kar samitinin cingiltili qarşılığı, [l], [m], [n], [r] cingiltili sa­mit­lərinin isə kar qarşılığı yoxdur. [l], [m], [n], [r] samitləri sonor samitlər adlanır. [m], [n] samitlərinin tələffüzündə hava axını, əsasən, burun boşluğundan çıxdığı üçün onlar burun samitləri də adlanır. Digər samitlər isə ağız samitləri adlanır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

saray ədəbiyyatı

Hökmdarların və saray əyanlarının sifarişi ilə yazılmış əsərlər məcmusu.

Bu əsərlərdə daha çox hökm­darların və yüksəkvəzifəli şəxslərin tərifinə, onların hə­ya­tından bəhs edən mövzulara yer verilirdi. Sarayda cəm olan ədiblərin başçısına məliküş-şüəra deyilirdi. Saray ədəbiy­ya­tının ən geniş yayılmış janrı qəsidə (xüsusilə fəxriyyə) idi. Saray ədəbiy­ya­tına daxil olan süjetli əsərlərin əsas qəh­rə­manları hökmdar, şahzadələr və əyanlar olurdu. Q.Təbrizi, Ə.Xaqani, M.Gəncəvi, Ə.Gəncəvi, M.Beyləqani, Ş.Q.Ənvar, B.Şirvani və b. Azərbaycan saray ədəbiy­ya­tının nüma­yən­dələri idi. Azərbaycan ədəbiyyatında saray ədəbiy­ya­tı ənənə­ləri XVI-XVII əsrlərə qədər davam edib.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sarkazm

yun. sarkadzo – parçalamaq, cırmaq

Satirik gülüş; kinayənin kəskin forması.

Sarkazm  ədəbiyyatşünaslıqda təriz də adlanır. Sarkazmda istehza və tənə kinayəyə (iro­­ni­ya­­ya) nisbətən daha güclü və öldürücü olur. İfşa və amansızlıq sar­kazmın əsas xüsusiyyətləridir. C.Məm­məd­quluzadənin “Ölü­lər” əsərində Kefli İsgəndərin Şeyx Nəsrullah və onun ya­nında olan cahillərə dediyi sözlər sarkazmın tipik nü­mu­nə­sidir: “Bəli, bəli, bunlar elm dəryasıdır. İndi də ki, inşallah, siz cə­nabdan da ölü diriltmək elmini öyrənərlər, onda dəxi lap alim olarlar”.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sayaçı sözlәri

Azәrbaycan şifahi xalq ədəbiyyatında ­mal­­­­­­­­darlıq vә qoyunçuluqla bağlı əmək nəğmələri.

Sayaçı söz­lə­rində ço­banların həyat tərzi, məişəti təsvir olunur. Holavarlar kimi, sayaçı sözləri dә çox vaxt bayatı formasında olur. Dili və üslubunun sadәliyi, aydınlığı ilə seçilən sayaçı söz­lə­rində misraların sayı 4, hecaların sayı 7, qafiyə quruluşu isə a.a.b.a şəklindədir. Bununla yanaşı, misralarının sayı artıq olmaqla bərabər, bütün misraları həmqafiyə olan sayaçı söz­ləri də vardır:

Nənəm qoyunun ağı,

Gedir, dolanır dağı.

Qızlara cehiz ağı,

Uşağa bələk bağı.

Qarı tutanda yağı,

Gəlin yeyir qaymağı.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti