Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

kontekst

1) Sözün, ifadənin konkret (situativ) mənasını müəyyənləşdirməyə imkan verən mətn parçası.

Kontekst, ilk növbədə, çoxmənalı sözün, omonimin mətndəki mənasını müəyyənləşdirməyə imkan verir. Bu mənada söz üçün söz birləşməsi və ya cümlə, söz birləşməsi üçün cümlə və ya mətnin bir parçası kontekst rolunda çıxış edə bilər. Ədə­biyyatda bədii ifadə vasitələri, o cümlədən təşbeh, kinayə, mübaliğə və s. kontekst vasitəsilə müəyyənləşir.

2) Sözün, ifadənin, fikrin işlənmə yerinə görə aid olduğu sahə.

Məsələn, “adaptasiya” sözünün bioloji kontekstdə mənası onun ədə­biyyatdakı mənasından fərqlidir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

kulminasiya

lat. qlumen – zirvə, təpə

Bədii əsərin süjet xəttində hadisələrin ən yüksək inkişaf mərhələsi.

Kul­mi­nasiya kompozisiyanın struktur elementlərindən, konfliktin inkişaf mərhələlərindən biridir. Əsərin düyün (zavyazka) hissəsində yaranan konflikt kulminasiyada ən yüksək həddinə çatır və bundan sonra açılmaya doğru gedir. S.Vurğunun “Vaqif” pyesində Qacarın Vaqifdən intiqam almaq üçün fürsət axtarması və onunla üzləşməsi kulminasiya nöqtəsidir. Elmi ədəbiyyatda bəzən zirvə də adlandırılır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qarğış

Folklorun qədim janrlarından biri: nifrət, kin ifadə edən söyləmə.

Alqışın əksi olaraq qarğışlar qarşı tərəfə ölüm, uğursuzluq, faciə arzularını ifadə edən deyimlərdir; məs.: “Adını daşlara yazım”, “Qulağına pambıq tıxım”, “Bo­yuna qamış ölçüm”, “Yurduna süpürgə çəkilsin”, “Əlin bel tutmasın” və s.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qarşılaşdırma bağlayıcıları

Cümlənin həmcins üzvlərini və tabesiz mürəkkəb cümləni əmələ gətirən tabesizlik bağlayıcıları.

Qarşılaşdırma bağlayıcıları bunlardır: amma, ancaq, lakin, fəqət, halbuki, isə. Bu bağlayıcılar iki zidd an­layışı və fikri bir-birinə bağlayır; məs.: Ana soyuqdan, şax­tadan donmuşdu, uşaq isə sağ-salamat idi (Ə.Məmməd­xanlı). Yerbəyerdən danışıqlar eşidildi, amma Kamandarın səsi ha­mının səsini üstələdi (İ.Məlikzadə). Qarşılaşdırma bağlayı­cı­larından əvvəl (isə istisna olmaqla) cümlə daxilində vergül qoyulur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qarşılaşdırma budaq cümləsi

Baş cümlədən əvvəl gəlib məzmunu baş cümlənin məzmunu ilə qarşılaşdırılan budaq cümlə.

Qarşılaşdırma budaq cümləsinin üç tipi vardır: 1. Budaq cümlənin xəbəri -sa2 şərt şəkilçisi və da, də, belə ədatları ilə işlənir. Bu zaman budaq cümlənin tərkibində nə qədər, hər nə qədər bağlayıcı sözləri işlənə bilər; məs.: Belə bir mənzərəni görmək Nəriman üçün nə qədər ağır olsa da, (yenə) nəzərini çəkə bilmirdi (Mir Cəlal). 2. Budaq cüm­lədə işlənən hərçənd, düzdür, doğrudur kimi sözlərə müvafiq olaraq baş cümlədə amma, ancaq, lakin bağlayıcıları işlədilir; məs.: Hərçənd bir az tezdir, amma zərəri yoxdur (Ə.Vəliyev). 3. Budaq cümlənin tərkibində müxtəlif hallara düşən hara, kim, nə, necə, nə vaxt sözləri işlənir, xəbəri isə feilin təkrar forması ilə ifadə olunur; məs.:  ...haralı olur-olsun, adam olsun (M.İbrahimov). Nə vaxt yatır-yatsın, səndən tez ayılacaq (M.İbrahimov).

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qarşılaşdırma məna əlaqəsi

Tabesiz mürəkkəb cümlələrdə iş və hadisələrin bir-biri ilə ziddiyyət təşkil etdiyi tərkib hissələri arasındakı məna əlaqəsi.

Qarşılaşdırma məna əlaqəsi intonasiya, qarşılaşdırma bağlayıcıları (amma, ancaq, lakin, fəqət, isə) və antonim sözlərin köməyi ilə əlaqələnir; məs.: Sənin atan ağıllı kişidir, sən ona oxşamamısan. Hamı irəliyə gedir, sən geriyə. O çox təmkinlidir, sən isə çılğınsan.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti