►Hər hansı bəd işə, o cümlədən ağır qəzavü-qədərə soyuqqanlı yanaşmaq, mənəvi-psixoloji cəhətdən buna hazır olmaq.
İfadə bütün Şərqdə Mövlana adı ilə tanınan böyük mütəfəkkir Cəlaləddin Ruminin (1207–1273) həyat və olüm haqqında düşüncələrindən qaynaqlanır.
Mövlana dünyadan möhkəm yapışanları yetişməmiş meyvəyə bənzədir:
«Kal, dəyməmiş meyvə budağa möhkəm yapışır. Meyvə yetişəndə isə budağa olan bağlılığı zəifləyir və nəhayət, budaqdan ayrılmaq ona heç də çətin olmur.
Kamilləşmiş insanlar da bu dünya ayrılığından qorxmamış, əksinə, sevinmişlər.
Sən bundan ibrət al və «Ölməzdən əvvəl ölün!» hədisinə tabe ol!
Tabe ol ki, qəlbin fani sifətlərdən təmizlənərək təslimiyyət sirrinə çatsın və bir ömür içində yaşadığın hikmət və sirlər dənizi səni başı üstündə gəzdirsin. Çünki dənizlər ona təslim olanı başları üstündə daşıyar. Ancaq boş çırpınışlarla təslim olmaqda tərəddüd edənləri nəfəskəsən qaranlıq diblərə çəkərək boğar.
Ölüm cismin ortadan qalxması deyil, Allaha doğru ucalmasıdır.
Ölümdə ədalətli və din adamları üçün həyat vardır.
Ölümdən təmiz ruhlara hüzur və sükunət gələr.
Ölüm Haqqa qovuşmaqdır, cəfa çəkmək və kin bəsləmək deyildir».
Məsəllər, deyimlər